Uşaq Səfirlər Məclisi “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn görüş keçirmişdir

20 avqust 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan və artıq fəaliyyətini genişləndirməkdə olan Uşaq Səfirlər Məclisi 20 avqust 2020-ci il tarixdə onlayn formatda növbəti tədbirini keçirmişdir.

Məclis üzvlərinin, eləcə də 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərində şəhid olmuş hərbçi və mülki soydaşlarımızın azyaşlı övladlarının iştirakı ilə gerçəkləşdirilən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuş tədbir maraqlı məqamları ilə diqqəti çəkmişdir.

Dövlət Komitəsinin yaxından dəstəyi ilə baş tutan tədbir Məclis həmsədri Aydan Hacıyevanın moderatorluğu ilə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsilə başladı. Daha sonra Uşaq Səfirlər Məclisi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AzərTAC İnformasiya Agentliyinin dəstəyi ilə hazırlanmış “Biz terrora yox deyirik, sülh və ədalət istəyirik” adlı videoçarx nümayiş olundu.

Döyüş əməliyyatlarında valideyinlərini və doğmalarını itirmiş uşaqların acı xatirələri və Ermənistanın işğalçılıq siyasətinin nəticələri ilə bağlı ittiham dolu çıxışları ilə beynəlxalq ictimayyətə yönəlik tələblərini səsləndirən tədbir iştirakçıları ölkəmizin, təmas xəttinə yaxın və Ermənistanla sərhəd bölgələrində yaşayan mülki vətəndaşların, hərbçilərin və onların övladlarının beynəlxalq miqyasda tanınmış hüquqlarının pozulmasına öz etirazlarını bildirməklə yanaşı, bu işğalçı müharibənin onların və ailələrinin həyatını alt-üst etdiyini, arzularını və xəyallarını puç etdiyini vurguladılar.

Heç bir uşağın bundan sonra valideynindən ayrı düşməməsini arzu edərək sülh və əmin-amanlıq şəraitində yaşamaq istəklərini çatdırdılar. Videomaterialda bununla bağlı beynəlxalq təşkilatlara müraciət edilərək, xüsusilə uşaqların müdafiəsini beynəlxalq səviyyədə təmin edən konvensiyaları pozan dövlətə qarşı daha sərt tədbirlərin görülməsi tələbi səsləndirildi. Videomaterial daha geniş auditoriyaya çatdırılması üçün ingilis dilində altyazı ilə təqdim edilmişdir.

Videomaterialın nümayişindən sonra çıxış edən uşaqlar onun hazırlanmasında göstərdiyi dəstəyə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AzərTac) təşəkkürlərini bildirdilər və film ətrafında geniş müzakirələr apardılar.

Tədbir iştirakçıları Ermənistanın təcavüzü nəticəsində mədəniyyət nümunələrimizin, tarixi abidələrimizin məhv edilməsini, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan vətəndaşlarımızın öz torpaqlarından zorla didərgin salınmasını, bununla bağlı beynəlxalq təşkilatların Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qəbul etdikləri qətnamələrin Ermənistan dövləti tərəfindən icra edilməməsini qətiyyətlə pislədilər. Uşaqlar çıxışlarında diqqəti 350 mindən artıq uşağın qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur edilməsinə, 200-dən artıq uşağın münaqişə nəticəsində həlak olmasına, yüzlərlə uşağın valideynlərini, sağlamlıqlarını itirməsinə, təcavüz nəticəsində bölgədə yaşayan uşaqların təhsil almaq, sağlamlıq hüquqlarının pozulmasına yönəldərək, beynəlxalq ictimaiyyəti bu haqsızlığa göz yummamağa çağırdılar.

Uşaq Səfirlər Məclisinin üzvləri həmçinin, Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinin ifşa edilməsində, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında üzərlərinə mühüm vəzifələr düşdüyünü qeyd edərək, dövlətin bu istiqamətdə apardığı siyasətə dəstək verilməsini və birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər. Bununla bağlı uşaqlar tərəfindən müxtəlif təkliflər irəli sürüldü.

Çıxış edənlərdən Fuad Əmrəliyev, Yunis Quliyev sosial şəbəkələr, internetin digər imkanlarından istifadə edərək ölkəmizin haqq səsinin dünyaya çatdırılması işinə daha çox uşaqların cəlb edilməsinin vacibliyini vurğuladı. Əsmər İsmayılova işğal altında olan dağıdılmış mədəniyyət abidələrinin dünyada tanıdılması istiqamətində uşaqların iştirakı ilə birgə tədbirlərin keçirilməsinə iştirakçıların diqqətini yönəltdi. Rifah Zeynalov internet üzərindən gələn mümkün təhlükələr, Ermənistan nümayəndələri tərəfindən idarə olunan, bu günlərdə çox müzakirə olunan PicsArt tənzimləmə proqramı haqqında məlumat verərək, hər kəsdən ən qısa müddətdə bu proqramın mobil cihazlardan çıxarılmasını xahiş etdi. Qeyd edək ki, bu proqram vasitəsilə telefonlarda olan fotoşəkillərə və məlumatlara daxil olmaq mümkündür. Müslüm Məmmədov Ermənistanın təxribatları, silahlı hücumları nəticəsində valideynlərini itirmiş uşaqlara həmyaşıdlarının mənəvi dəstək verməsi istiqamətində tədbirlərin daha çox keçirilməsi təklifinə xüsusi diqqət yetirilməsini bildirdi.

Sonda Uşaq Səfirlər Məclisinin iştirakçıları səsləndirilən təkliflərin reallaşdırılması baxımından öz potensiallarını daha da gücləndirmək barədə yekdil qərara gəldilər.

https://www.youtube.com/watch?v=9yk8FwRAdEI