Uşaq əməyinin istismarının qarşısının alınmasına dair regional təlimlər keçirilib

29 iyul 2016

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq 4 region üzrə uşaq əməyinin qarşısının alınması və maarifləndirmənin gücləndirilməsi istiqamətində Komitə tərəfindən Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu istiqamətdə 29 iyul, 2016-cı il tarixində Tovuz rayonunda (Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Daşkəsən rayonları üzrə) və Yevlax şəhərində (Mingəçevir, Yevlax, Naftalan şəhərləri,  Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Ağdaş, Ucar rayonları üzrə) regional təlimlər keçirilib. Təlimlərdə əmək müfəttişləri, polis inspektorları, şəhər/rayon icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları, həmçinin psixoloqlar, təhsil işçiləri iştirak ediblər.

Təlimlərdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi barədə məlumat verilib, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə,  uşaq əməyinin vəziyyətinə dair aparılmış tədqiqatın nəticələri təlim iştirakçılarının diqqətinə çatdırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. Təlim iştirakçıları bu cür maarifləndirmə tədbirlərinin bölgələrdə aparılmasının xüsusi əhəmiyyətini vurğulayıblar.

Məlumat üçün bildirmək istəyirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Uşaq əməyinin istismarının  qarşısının alınması sahəsində Birgə Tədbirlər  Planı (2013-2015-cı illər)”na əsasən ölkə üzrə yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün 2014-cü ildə təlimlər keçirilmişdir. Eyni zamanda 2015-ci ilin iyul-oktyabr ayları ərzində ölkənin 3 regionunda uşaq əməyinin vəziyyətinə dair tədqiqat aparılmışdır.