“Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” adlı təlimlər yekunlaşdı

29 iyul 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində üç mərhələli layihə həyata keçirir.

   Layihənin I mərhələsində 1 iyul 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə, millət vəkillərinin, bütün icra hakimiyyəti başçılarının müavinlərinin və bələdiyyə sədrlərinin iştirakı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda videokonfrans keçirilmişdir.

  Layihənin II mərhələsi 3-28 iyul 2020-ci il tarixlərini əhatə etmiş, respublikanın 67 rayon və şəhərinin Gender Məsələləri üzrə məsul şəxsləri-İcra Hakimiyyəti başçılarının İctimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, İcra Hakimiyyətlərinin şöbə müdirləri və digər əməkdaşları, bələdiyyə sədrləri, ərazi icra nümayəndələrinin iştirakı ilə “Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” adlı onlayn təlimlər keçirilmişdir.

Təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, son dövrün aktual problemləri olan gender əsaslı zorakılıq halları nəticəsində təhsildən yayınma, erkən evlilik, əmək bazarında yaranan problemlərin qarşısının alınmasında yerli özünüidarəetmə orqanlarının əhəmiyyətli rolunu qeyd edib. S. Qəhrəmanova həmçinin gender bərabərliyinin təbliğ olunması, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində gender məsələləri üzrə məsul şəxslərin, bələdiyyələrin və ərazi icra nümayəndəliklərinin üzərinə düşən vəzifələrdən bəhs edərək, bu sahələrdə təhlillərin, araşdırmaların aparılmasının vacibliyini vurğulayıb. O, çıxışında bələdiyyələrdə pilot layihə olaraq Gender Komissiyalarının yaradılması və mahiyyəti haqqında ətraflı məlumat verib.

Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, layihələr, bu sahədə mövcud qanunvericilik aktları, eyni zamanda “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün Praktiki Tövsiyələr” adlı bələdçi haqqında iştirakçılara ətraflı məlumat verib.

Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi, “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün Praktiki Tövsiyələr”in müəlliflərindən biri Nigar Səfərova təlimçi qismində çıxış edərək iştirakçılara gender məsələlərinin təhlili, yerli hakimiyyət orqanlarının fəaliyyət planlarına gender bərabərliyinin daxil edilməsinin “SWOT” təhlili, yanaşma və strategiyası, gender həssas göstəricilər və s. mövzular haqqında məlumatları diqqətə çatdırıb.

Təlimlər çərçivəsində iştirakçılar həyata keçirilən layihənin əhəmiyyətini vurğulayaraq, gender məsələləri ilə bağlı rayonda həyata keçirilən tədbirlər və görülən işlər haqqında məlumat verərək, təkliflərini irəli sürüblər.

Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Layihənin III mərhələsində pilot olaraq respublikanın 12 rayon və şəhərində Bələdiyyələrdə Gender Komissiyalarının yaradılması nəzərdə tutulur.