Sosial işçilərin bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir

28 iyul 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əməkdaşların peşəkarlığının artırılması istiqamətində pandemiya və post-pandemiya dövrünün çağırışlarına cavab olaraq, müvafiq bacarıqlara yiyələnmək və aktual sosial problemlərin həlli istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə keçirilən ölkədaxili vebinarlar və digər onlayn tədbirlər davam etdirilir.

Cari ilin iyun və iyul aylarında uşaq hüquqlarının müdafiəsi, şəxsi inkişaf, ailədaxili münasibətlər və digər mövzuları əhatə etməklə təşkil edilən vebinarların keçirilməsində məqsəd əhaliyə psixoloji, hüquqi və sosial dəstəyin verilməsi və onların bu sahədə maarifləndirilməsidir.

Vebinarlarda Komitənin Regional mərkəzlərlə iş şöbəsi və Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təcrübəli mütəxəssisləri tərəfindən insanları ən çox narahat edən suallar cavablandırılıb və müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda işçilərin peşəkarlığının artırılması istiqamətində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin “facebook” sosial şəbəkəsi vasitəsilə “Risk qruplu insanlarla sosial iş” və “Bizi dinləyin – Sosial yardımdan məşğulluğa” mövzusunda keçirdiyi canlı yayımları 3000-dən artıq insan izləyib və mövzu ilə əlaqədar fikirlərini bildirib.

Bununla yanaşı, UADM-lərin hərbi vətənpərvərlik, ailə dəyərləri, sağlam həyat tərzi, insan hüquqları və s. mövzularda təşkil etdiyi 44 onlayn maarifləndirmə tədbirlərində 1300 nəfər iştirak edib.

Eyni zamanda, Mayak Uşaq İnkişafı Mərkəzinin mütəxəssisi, loqoped Dilarə Qəhrəmanova təlimçi qismində iştirakı ilə 28-29 iyul 2020-ci il tarixlərində “Nitq problemi olan uşaqlarla işin təşkili” mövzusunda iki günlük onlayn təlim keçirilib.

 Mərkəzlərin təşkil etdiyi vebinarlardan, ümumilikdə, 4000-dən çox insan yararlanıb.