“Gender və erkən nikahlar” mövzusunda onlayn təlim keçirildi

2 iyul 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının əməkdaşlığı (GİZ) çərçivəsində “Qafqazda Aztəminatlı Məcburi Köçkün və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPİC) layihəsi çərçivəsində 2 iyul 2020-ci il tarixində “Gender və erkən nikahlar” mövzusunda onlayn təlim keçirilib.

Təlim EPİC layihəsinin “Aztəminatlı məcburi köçkün icma üzvlərinin, onlarla birgə yaşayan yerli əhalinin, xüsusilə gənclərin və qadınların öz həyat şəraitlərini yaxşılaşdırmaq və imkanlarının artırılması” komponenti çərçivəsində 30 iyun-6 iyul tarixlərində  “Gender Vebinarları Həftəsi”  ərzində həyata keçirilən beş təlimdən biridir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva təlimçi qismində çıxış edərək, gender məsələləri, erkən nikahlar, onların baş vermə səbəbləri və qarşısının alınması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb və bildirib ki, bu cür neqativ halların qarşısının alınmasında icma üzvlərinin də iştirakı vacibdir.

Təlimə Mingəçevir və Gəncə şəhərlərindən, Ağdam və Bərdə rayonlarından olmaqla 30 nəfər iştirakçı (qadınlar, kişilər və gənclər) qoşulub.