Komitə sədri “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin olunması: nailiyyətlər və müsbət təcrübə” mövzusunda onlayn təlimin açılışında çıxış edib

16 iyun 2020

Paylaş:

16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin olunması: nailiyyətlər və müsbət təcrübə” istiqamətində onlayn ixtisasartırma kursunun açılışı olub.

Bakı şəhəri və Abşeron rayonunu əhatə etməklə, 25 yerli özünüidarəetmə orqanının məsul şəxslərinin iştirakı ilə keçirilən təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və Komitənin 2008-ci ildən Dövlət İdarəçilik Akademiyası ilə birlikdə həyata keçirdiyi müxtəlif kurs və təlimlərin vacibliyini qeyd edib. O, bu gündən başlayaraq 4 gün davam edəcək bu dəfəki təlimin yerlərdə dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, gender bərabərliyinin təmin olunması istiqamətində məsul şəxslərin bilik və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Bahar Muradova Komitənin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, ailə siyasətini həyata keçirmək, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının müdafiəsini həyata keçirilməsini təmin etmək və bu hüquqların pozulmasının qarşısını almaq Komitənin başlıca vəzifələrindəndir. Bu siyasətin yerlərdə daha sistemli və ardıcıl həyata keçirilməsi üçün yerli icra hakimiyyətinin, onun yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, həmçinin yerli özünüidarəetmə orqanlarının da rolu vardır. Lakin qeyd edilən bu istiqamətlərin spesifik olması və xüsusi həssaslıq tələb etməsi qarşımızda digər bir vəzifəni qoyur. Bu da həmin şəxslərdə bir sıra bilik və bacarıqların aşılanması məsələsini gündəmə gətirir.

Komitə sədri bildirib ki, hər bir regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından hərtərəfli və səmərəli istifadə etməklə burada yaşayan əhalinin həm rifahını yaxşılaşdırmaq, həm də sosial müdafiəsini gücləndirmək mümkündür. Odur ki, yerli özünüidarəetmə orqanları mahiyyətcə fəaliyyət göstərdiyi  ərazinin əhalisi üçün öz problemlərini  həll etmək baxımından  mühüm qurum sayılır.  Ümummilli Lider Heydər Əliyev 12 dekabr 1999-cu il tarixdə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində yerliözünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyətini xüsusilə vurğulamışdır. Ölkəmizin hərtərəfli, dinamik və davamlı inkişafı şəraitində bələdiyyələrin fəaliyyəti daha da təkmilləşməli, bələdiyyə nümayəndələri yerli özünüidarəetmənin inkişafı üçün yaradılmış imkanlardan bəhrələnərək öz fəallıqlarını, təşəbbüskarlıqlarını artırmalıdırlar.

B.Muradova ölkəmizdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycan qanunvericiliyində mühüm imkanların yaradılmasını xüsusilə qeyd edərək, bildirib ki, hökumət müvafiq gender siyasəti və gender bərabərliyi sahəsində beynəlxalq normalara uyğun olaraq inkişaf proqramlarının işlənərək hazırlanmasının və gerçəkləşdirilməsinin təmin olunmasını öhdəlik kimi qəbul etmişdir. Azərbaycanda gender bərabərliyinin bərqərar edilməsi üzrə olan milli mexanizmin inkişafı minillikdə qarşıya qoyulan məqsədlərə çatmaq kimi qlobal çərçivədə həyata keçirilir.

Komitə sədri ölkədə gender bərabərliyinin təmin olunması üzrə milli mexanizminin yaradılmasının bir neçə mərhələdən ibarət olduğunu diqqətə çatdıraraq bildirib ki, birinci mərhələ BMT-nin qadınların vəziyyəti ilə əlaqədar IV Beynəlxalq Konfransının keçirilməsi, ikinci mərhələ gender bərabərliyinin əldə olunmasına və qadın inkişafına məsuliyyət daşıyan dövlət mexanizminin yaradılmasına başlanılması, üçüncü mərhələ gender bərabərliyi və siyasi qərarların qəbul edilməsində qadınların imkanlarının genişləndirilməsi sahələrində dövlət strategiyasının təməlinin qoyulması kimi səciyyələnir. Bu gün biz dördüncü mərhələni müşahidə edirik. Azərbaycanda baş verən siyasi proseslər, ailənin möhkəmlənməsi və sosial müdafiəsi də daxil olmaqla, qadınların müstəqilliyinin dərk edilməsinə əsaslanan yeni mexanizmin axtarışına imkan yaradır.

O, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə Komitənin bələdiyyə orqanları ilə birgə 2017-2019-cu illərdə həyata keçirdiyi “Ailə Akademiyası” layihəsi haqqında məlumat verib. O, qeyd edib ki, layihə çərçivəsində sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərin cəlb edilərək qadın və kişilərin, gənc ailələrin, sosial iştirakçılığı zəif insanların iştirakı ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi sahəsində bələdiyyələrin rolunun daha da artırılmasına diqqət yetirilməsi çox vacibdir.  

Daha sonra AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  rektoru, akademik Urxan Ələkbərov “Global fövqəladə şəraitdə innovativ dövlət  idarəçiliyi texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda təqdimatla çıxış edərək, müasir dövrdə idarəçilik sahəsində texnologiyaların vacib əhəmiyyət kəsb etdiyini və qloballaşma dövründə özünə xüsusi yer aldğını bildirib. Rektor ölkəmizin bu sahədə əldə etdiyi mühüm uğur və nailiyyətləri, Azərbaycanın iqtisadi göstəricilərinə görə özünəməxsus yer tutduğunu vurğulayıb. U.Ələkbərov diqqətə çatdırıb ki, dövlətimiz innovativ dövlət idarəçiliyi texnologiyalarının tətbiqi nəticəsində uğurlu siyasət həyata keçirir. Ölkəmizdə strateji məqsəd olaraq gender bərabərliyinin təmin olunması da aparılan uğurlu siyasətin bir hissəsidir və dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər. Rektor bubaxımdan Prezident İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərinə xüsusi diqqət çəkib. Rektor bildirib ki, gender bərabərliyinin təhsildə, səhiyyə sahəsində, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində təmin olunması iqtisadiyyatın davamlılığına töhfə verir və ümumilikdə cəmiyyətə  və bəşəriyyətə əvəzolunmaz fayda verir.

Qeyd edək ki, 16-19 iyun tarixlərini əhatə edəcək onlayn təlim çərçivəsində dövlət qadın siyasəti və yerli özünüidarəetmədə gender bərabərliyi, bələdiyyələrin təşkilatı fəaliyyətinin əsas aspektləri, pandemiya dövrünün gender aspektləri: beynəlxalq və milli təcrübə, milli qanunvericilikdə gender əsaslı zorakılıqla mübarizə və preventiv mexanizm, bələdiyyələrin hüquqlarının müdafiəsi istiqamətində assosiasiyaların rolu, pandemiya zamanı əmək bazarında kişilər və qadınlar üçün bərabər şəraitin yaradılması kimi mövzular müzakirə olunacaqdır.