“Qarabağ həqiqətlərinin dünyaya çatdırılması” mövzusunda onlayn müzakirə keçirilib

19 may 2020

Paylaş:

18 may 2020-ci il tarixində Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycan İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev və Komitənin əməkdaşı Fərid Ədilovun iştirakı ilə “Qarabağ həqiqətlərinin dünyaya çatdırılması” mövzusunda onlayn müzakirə təşkil edilib.

Onlayn müzakirənin keçirilməsində məqsəd erməni işğalı və bunun nəticəsində dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılmasında yeniyetmə və gənclərin düzgün isitqamətləndirilməsi, habelə onların məlumatlılığının artırılması olmuşdur.

İlk olaraq qeyd edilib ki, 8 may Qarabağın ürəyi Şuşa, 18 may Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və ümumiyyət bu işğal nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib, bir milyondan çox vətəndaşımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüşdür.

Tural Gəncəliyev müzakirə zamanı qeyd edib ki, işğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş, ermənilər tərəfindən öldürülmüş, itkin düşmüş, əsir götürülmüş və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilmişdir. O həmçinin bildirib ki, hazırda öz doğma torpaqlarımıza qayıtmaq üçün məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü bura səfərbər etməkdən ibarətdir. 

Fərid Ədilov müzakirəlar zamanı diqqəti münaqişə nəticəsində öldürülən və işgəncələrə məruz qalan azyaşlı uşaqlar, qadınlar və qocalara yönəltmişdir. O, müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında məlumat vermiş və bu istiqamətdə Komitə tərəfindən real faktlar və rəsmi məlumatlar əsasında azərbaycan və ingilis dillərində hazırlanmış “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın əhəmiyyətini qeyd etmişdir.

Onlayn müzakirə zamanı həmçinin qeyd edilib ki, bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasında hər birimiz fəal olmalı, öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməliyik. Bu işdə informasiya üstünlüyünə malik olmaq, eləcə də yalan erməni təbliğatına qarşı mübarizədə yeniyetmə və gənclərin də üzərinə mühüm vəzifələr düşür.

Onlayn müzakirə çərçivəsində izləyicilər tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.