Uşaqların hüquq və azadlıqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

18 aprel 2020

Paylaş:

Uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətəninə sadiq vətəndaş kimi yetişə bilər.

Uşaq hüquqlarının müdafiəsi sahəsində ən vacib sənədlərdən biri olan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasinda (1989-cu il) uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, qayğı, sevgi və anlaşma şəraitində böyüməsinin vacibliyi vurğulanır. Konvensiyanın əsas tələblərindən biri budur ki, uşaqlar barəsində həyata keçirilən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir.

Dünyanın 190 ölkəsi məhz bu Konvensiyanın çağırışlarından ilhamlanaraq öz balaca sakinlərinin hüquq və azadlıqlarını tanıdı və onların təmini və qorunması üçün daxili siyasətlərini formalaşdırdılar.

BMT kimi mötəbər bir qurum dünyada uşaq hüquqlarının müdafiəçisi və dəstəkləyicisi missiyasını öz üzrəinə götürdü. Dünyanin 190 ölkəsində nümayəndəliyi olan BMT-nin Uşaq Fondu (UNİCEF) digər beynəlxalq qurumlarla və hökumətlərlə birlikdə aclıqdan, zorakılqdan, istismardan, münaqişələrdən əziyyət çəkən uşaqlara dəstəyin göstərilməsi sahəsində aktiv fəaliyyət göstərir.

1 yanvar 2016-cı ildən qüvvəyə minmiş və özündə 2030-cu ilədək həyata keçirilməsi nəzərədə tutulan 17 qlobal məqsədi, 169 hədəfi əks etdirən BMT-nin Dayanıqlı inkişaf məqsədlərində 35 hədəf bilavasitə uşaqların inkişafı ilə bağlıdır. Belə ki, dünyada hələ də təhsil və səhiyyə xidmətlərinə çıxış imkanı olmayan, ərzaq çatışmazlığından, münaqişələrdən və böyüklərin susi-istifadəsindən əziyyət çəkən milyonlarla uşaqlar var.

Mötəbər yığıncaqlarda, görüşlərdə tez-tez səslənir ki, ölkənin inkişafı ilə uşaqların inkişafı arasında sıx əlaqə mövcuddur. Bu həqiqətən belədir. Uşaqlar tək bizim nəsil davamçımız deyil, onlar həm də dövlətimizin, cəmiyyətimizin firavan gələcəyinin təminatçılarıdır.

Son 30 ildə uşaq hüquqları sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər bu sahədə irəliləyişlərin və nailiyyətlərin əldə olunmasına səbəb olmuşdur. Azərbaycan 1992-ci il 13 avqustda BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1998-ci ildə Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2006-cı ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilmişdir. Qanunvericilik bazasının yaradılması, institusional inkişaf, uşaqlarla bağlı dövlət proqramlarının həyata keçirilməsi insan hüquqlarının bu sahəsinə diqqətin artdığını göstərir. Ölkədə aparılan sosial-iqtisadi islahatlar əhalimizin 1/3-ni təşkil edən uşaqların öz hüquqlarından daha geniş istifadə imkanlarına şərait yaradır.

Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində demək olar ki, hər il qəbul edilən yeni hüquqi sənədlər bu sahənin inkişafı prosesini daha da sürətləndirir. “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanunların qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanlıarı məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşalqarla bağlı qanunvericilikdə yeni təminatların təsbit edilməsi, sosial təminatın gücləndirilməsi dövləin uşaqlara olan diqqətinin nəticəsidir.

Uşağın qayğısına qalmaq və onu müdafiə etmək həm dövlətin, həm də valideynlərin öhdəliyidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində hər iki tərəfin öhdəliyinin hansı şəraitdə önə çıxdığı məqamlar tənzimlənir. Həmin maddədə deyilir:

-cəmiyyətin əsas özəyi kimi ailə dövlətin himayəsindədir;

-uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur;

-bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir;

-valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

Uşağın maraqları ilə valideynin maraqları arasında ziddiyyət yarandıqda, ailədə uşağın hüquqları pozulduqda və ya uşaq ailə mühitindən kənarda qaldıqda dövlət uşağın müdafiəçisinə çevrilir.

Təsadüfi deyildir ki, ölkəmizdə müvafiq dövlət orqanları öz səlahiyyətləri daxilində xüsusi həssaslıqla uşağın hüquq və mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Belə hallarda qanunvericliyə əsasən həmin valideynlərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi də istisna edilmir.

Uşağın ilk sosial mühiti məhz onun ailəsidir. Bu mühitdə fiziki və mənəvi cəhətdən sağlam böyüyüb inkişaf edən uşaq sabah cəmiyyətdə də özünə inamlı, uğurlu bir vətəndaş olacaq. Təssüflər olsun ki, bəzən valideynlər bu məqamı unudurlar. Nəticədə valideynlik vəzifələrinin yerinə yetirilməməsi, valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq, laqeyidlik kimi hallar baş verir. Bəzən valideynlər, yanlış olaraq, övladlarını çox istədiklərini əsas gətirsələr də bununla bir araya sığmayan üsullardan istidadə edir, tərbiyə məqsədi ilə övladlarına qarşı fizki cəza, təhqir, nəzakətziz davranış kimi hallara yol verirlər. Lakin hər bir valideyn anlamalıdır ki, uşaq böyüdüb tərbiyə etmək onlardan böyük təmkin, səbr, diqqət və sevgi tələb edir.

Bu gün dünyada tüğyan edən COVİD-19 pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə - virusla mübarizə aparır. Digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir, bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir. Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də ailədaxili münaqişələrin, məişət zorakılığı (bu və ya digər formasının) hallarının baş verməsi və bundan da uşaqların əziyyət çəkməsidir. Beləliklə, uşaqların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək günümüzün ən vacib məsələlərindən birinə çevrilməkdədir.

Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlarla bağlı daxil olan müraciətlər, KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən araşdırılır və həmin şəxslərə lazımi dəstək göstərilir.
Çöx təəssüfedici məqamlardan biri də hər kəsin ilk növbədə öz yaxınlarına qayğı göstərməli olduğu bu cətin pandemiya dövründə belə uşaqların gözü qarşısında onların doğmasına, xəsarət yetirilməsi, öldürülməsi, uşaqların baxımsız vəziyyətdə tərk edilməsi, onlara qarşı alçaldıcı və təhqiredici davranışın törədilməsi və bu halları əks etdirən video görüntülərin sosial şəbəkələrdə paylaşılması hallarının baş verməsidir.

Bu günlərdə iki uşağa qarşı alçaldıcı davranışa yol verən və bunun video görüntüsünü sosial şəbəkələrdə yerləşdirən bir şəxs barəsində məlumat yayıldı. Həmin şəxsin video görüntüdəki uşaqlardan birinin valideyni olduğu müəyyən edildi. Komitənin müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən həmin şəxs barəsində dərhal müvafiq tədbirin görülməsi cox təqdirəlayiq haldır.
Cünki, belə hallların təkrarlanmaması üçün onlara vaxtında hüquqi qiymətin verilməsi olduqca vacibdir

Unutmaq olmaz ki, risq vəziyyətində olan, zorakılığa məruz qalan uşaqların görüntülərinin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə yerləşdirilməsi azyaşlıların hüquqlarının pozulması kimi dəyələndirilərək məsuliyyətə səbəb olduğu kimi,belə halların KİV-lərdə, internet resurslarında və telekommunikasiya şəbəkələrində yayılması,uzun müddət saxlanılnşması da KİV haqqında qanunvericiliyin müddəalarının bu resursların rəhbərliyi tərəfindən kobud şəkildə pozulması kimi qiymətləndirilməklə
müvafiq məsuliyyət yaradır.

Hazırda tərəfimizdən uşaqların hüquqlarının müdafiəsi üzrə işlər aparılır. Davamlı olaraq yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla, qəyyumluq və himayə orqanları, müvafiq hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığnacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və faktlar üzrə operativ iş aparılır.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq
bütün qeyd olunanları vurğulamaqla yanaşı
hazırki sosial təcrid və məhdudiyyətlər dövründə uşaqların daha həssas durumda olduqlarını nəzərə alaraq ,ilk növbədə Valideynlərdən və ailələrin digər üzvlərindən xahişimiz budur ki, uşaqlara qarşı diqqətli olsunlar,
münaqişələrdən çəkinsinlər. Uşaqların evdə səmərəli vaxt keçirmələrinə şərait yaratsınlar, anlayışlı olmaqla övladlarına stress və gərginliyi azaltmaqda kömək etsinlər.
Uşaq hüquqlarının pozulması halları ilə rastlaşdıqda isə müvafiq dovlət orqanlarına vaxtında məlumatı çatdırsınlar.
KİV və internet resurslarının rəhbərlərinin diqqətini isə İnformasiyanın alınması,emalı və yayılması prosesində uşaq hüquqlarının qorunmasına , beynəlxalq və milli qanunvericiliyin ,eləcə də peşə etikasının tələblərinə əməl edilməsinin vacibliyinə bir daha cəlb etmək istərdik.