“Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsi çərçivəsində Masallıya səfər edilib

20 fevral 2020

Paylaş:

Fevralın 20-sində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti hər iki qurumun təşkilatçılığı ilə həyata keçirilən “Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsi çərçivəsində Masallıda səfərdə olub.

İlk olaraq layihə çərçivəsində yaradılmış Masallı Resurs mərkəzinin keçirdiyi təlimlərdən yararlanan qadınların biznes subyektlərinin monitorinqi keçirilib.  Monitorinqdə Resurs Mərkəzinin koordinatoru, Qadınların Sosial İnkişafına Dəstək Ictimai Birliyinin sədri Nərgiz Muxtarova da iştirak edib. Nümayəndələr çörəkbişirmə və dulusçuluq sexində olub, biznesi idarə edən qadınlarla görüşüb üzləşdikləri problemlər, bizneslərinin inkişafında qarşılarına çıxan maneələrlə maraqlanıblar. Bundan başqa sahibkar qadınlara bu sənəti ustad dərsləri keçərək turistlərə və ya marağı olan başqa insanlara da öyrətmələri təklif olunub.

Monitorinq başa çatdıqdan sonra biznes təlimlərində iştirak edən və hazırda bizneslərini quran xanımlarla çay süfrəsi ətrafında qeyri-rəsmi görüş keçirilib. Onların fəaliyyəti geniş müzakirə olunaraq müəyyən tövsiyyə və məsləhətlər verilib.

Daha sonra Sədaqət Qəhrəmanova və Alessandro Frakossetti Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmədovla görüşüb. Görüş zamanı layihə haqqında geniş məlumat verilib, layihə çərçivəsində fəlaiyyətin genişləndirilməsi və gələcək planlarla bağlı müzakirələr aparılıb. Görüşdə qadınlara biznes fəaliyyətini genişləndirmələri üçün  dəstək göstərilməsi, gənclər üçün peşə ixtisası kurslarının, fiziki məhdudiyyətli insanlar üçün biznesə dəstək və müxtəlif mövzulu təlimlərin keçirilməsi, pandusların qurulması məslələri ətraflı şəkildə müzkirə edilib, eyni zamnada İcra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu da bu tədbirlərə cəlb ediləcək. Bu da öz növbəsində layihənin sosial yükünü artıraraq erkən nikahların, məişət zorakılığının qarşısını almağa yardım edəcək.

Qeyd edək ki, “Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsi 2011-ci ildən həyata keçirilir. Layihə çərçivəsində 9 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdən biri olan Masallı Resurs Mərkəzi az müddətdə fəaliyyətini genişləndirərək qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib.