Komitənin əməkdaşı İstanbulda keçirilən regional seminarda iştirak edib

27 noyabr 2019

Paylaş:

Noyabr ayının 26-28 tarixlərində Türkiyənin İstanbul şəhərində  BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women) tərəfindən “Vaxtdan istifadə üzrə tədqiqat: məlumatların yığılması metodları və konsepsiyalar” mövzusunda regional seminar keçirilib. Həmin  tədbirdə Azərbaycan,  Gürcüstan, Belarus, Moldova, Ukrayna, Özbəkistan, Tacikstan, Qazaxıstan, Qırğızstan, Albaniya, Kanada, Banqladeş və digər ölkələrin  nümayəndə heyəti iştirak edirdilər. Seminar əsasən Avropa və Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulmuşdur.  Azərbaycan Respublikasını Dövlət Statistika Komitəsinin Həyat keyfiyyəti statistikası şöbəsinin müdür müavini Nail İmanov,  Gender statistikası sektorunun müdiri Zəbihə Əsgər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik –araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova təmsil ediblər.  Birinci sessiyada  Gender statistikası sektorunun müdüri Zəbihə Əsgər  ölkədə  2008-ci ildə keçirilən tədqiqat və onun nəticələri ilə bağlı təqdimatla  çıxış edib.  Dövlət Statistika Komitəsinin Həyat keyfiyyəti statistikası şöbəsinin müdür müavini Nail İmanov isə həmin tədqiqatın keçirilmə metodlarından bəhs edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik –araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova isə bu məlumatların dövlət siyasətinin həyata keçirilməsində və gender bərabərliyinin təmin edilməsində mühüm əhəmiyyətini qeyd edərək, qəbul olunmuş qanun və məcəllələrdə bu məsələnin nəzərə alındığını bildirib.

Üç günlük seminarda  digər iştirakçı dövlətlər öz təcrübələrini təqdim ediblər. Tədbir geniş müzakirələrlə  interaktiv formada davam edib.