Komitə sədri Özbəkistanda Forumda çıxış edib

28 noyabr 2019

Paylaş:

Noyabrın 28-də Özbəkistannın Daşkənd şəhərində “XXI əsrdə gender və gənclər məsələləri sahəsində tərəfdaşlığın inkişafı” mövzusunda beynəlxalq forum keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Forumda açılış nitqi ilə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbaeva və BMT-nin Özbəkistanda daimi koordinatoru Helena Freyzer  çıxış edib. Daha sonra Forum 3 sessiya üzrə davam edib. Komitə sədri Hicran Hüseynova “Gender bərabərliyi siyasəti və ailə siyasəti yeni kontekstdə: çağırışlar və həlli yolları” sessiyasında “Gender, qadınlar, uşaqlar: Azərbaycan təcrübəsi və praktikası” mövzusunda çıxış edib. O, bildirib ki, qadın ana kimi gələcək nəsilləri formalaşdırır - yaxın gələcəkdə insanlığın necə olacağı onun savadından, sosial statusundan və sağlamlığından asılıdır. Bizim ölkədə bu məslələr hər zaman aktualdır. Daha sonra H.Hüseynova Azərbaycanda açılan ilk qızlar seminariyasından, ilk qadın jurnalından, Cümhuriyyət dövründə qadın seçki hüququnun verilməsindən bəhs edib. O, ölkədə aparılan gender siyasətindən, orta və kiçik biznes quran qadınlara dövlət dəstəyindən, qadınların təhsil və sahibkarlıq sahələrində maarifləndirilməsi üçün keçirilən tədbirlər barədə məlumat verib.

Bundan əlavə Komitə Sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramı, Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Komitə ilə sıx əməkdaşlığı sayəsində başladılan qaçqın və əlilliyi olan qadınların həyat səviyyəsinin yaxşılaşdırılmasını hədəfləyən layihə haqqında danışıb və layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Daha sonra Forum sessiyalar üzrə davam edib.

Daha sonra H.Hüseynova Tənzilə Narbaeva, Cənub-Şərqi, Şərqi,Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktor Argentina Sabadoş, Özbəkistanın Baş nazirinin müavini, Özbəkistan Qadınları Komitəsinin sədri Elmira Basitxanova ilə qadın hüquqlarının müdafiəsi mövzusunda ikitərəfli görüşlər keçirib.