Komitə sədri mətbuat konfransı keçirib

22 noyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, Komitə evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb. Bundan başqa Hicran Hüseynova aşağıdakı məsələlərə toxunub. Komitə sədrinin çıxışından bir hissəni təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq ölkədə qadın və uşaq hüquqları daha da inkişaf etdirilib, bu sahələrdə əhalinin məlumatlılıq səviyyəsi artırılıb, erkən nikahların sayı azalıb. Məlumat üçün bildirim ki, 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub – 5138 nəfər. Ailə Məcəlləsinə edilmiş dəyişiklik və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu  göstərici azalıb. 2018-ci ildə bu rəqəm  338 olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392  idisə, 2018-ci ildə bu rəqəm azalaraq  2129 olub. Amma biz bunlarla kifayətlənmirik. Maarifləndirmə işləri davam edir. Evdar qadınlar üçün regionlarda resurs mərkəzləri yaratdıq. Kursalar təşkil etdik. Buxqalteriya, xarici dillər kursları açdıq. İlkin olaraq qadınlar kurslara getdilər. Kiçik və orta biznes açmaq istəyən xanımlar üçün bu sahədə də kurslar təşkil etdik ki, qadınlar biznesin yaradılması və idarə olunması sahəsində lazımi biliklər əldə etsinlər. Mərkəzlərdə kiçik və orta bbiznes açmaq üçün şərait yaradıldı. Çox gözəl nəticələr var. Qapalı şəraitdə yaşayan qadınlar kafe açdılar, salonlar açdılar. Araşdırmaya əsasən 2019-cu il aprelin 1-inə olan məlumata görə qeydiyyatda olan qadın sahibkarların sayı  186 392 nəfər olub.  2012-ci ildə bu rəqəm 73 469 idi. Bu xüsusi diqqət və yaradılmış şəraitin nəticəsidir. Biz istərdik ki, İcra Hakimiyyətləri bu işdə dəstək olsunlar.

Bundan başqa hüquqi sahədə görülən işlərdən danışsaq, deyə bilərik ki, ölkəmiz ən vacib Konvensiyalara qoşulub. Son olaraq Lanzarote Konvensiyası qəbul edilib, ratifikasiya edildi. Gündəlikdə bir çox başqa məsələlər var. İstanbul Konvensiyasına qoşulmalıyıq. Aidiyyatı qurumlarla da müzakirələr keçirilir. 1325 Qətnaməsi ilə bağlı, gender bərabərliyi qanunun və milli fəaliyyət planının qəbul olunması məsələləri müzakirə olunur. BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin qadın hüquqları ilə bağlı 5-ci məqsədinin  ölkəmizdə bu sahədə görülən işlərlə 97% üst-üstə düşdüyü müəyyən edilib.

Erkən nikahlar, zorakılıqla bağlı məsələlərdə cəmiyyətin də dəstəyi də çox önəmlidir. Çünki bunlar sosial problemlərdir. İctimai qınaq olarsa, hüquq-mühafizə orqanları da bu sahədə səylərini gücləndirsələr, məsələ vaxtında həll olunsa bu qədər faciəli nəticələr olmaz”.

Hicran Hüseynova Komitənin fəaliyyətindən məlumat verdikdən sonra jurnalistlərin suallarını cavablayıb.