Komitənin sədr müavini “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış konfransında çıxış edib

22 noyabr 2019

Paylaş:

Noyabrın 22-də Avropa İttifaqının maliyyələşdirdiyi, UNDP qismən maliyyələşdirdiyi və icra etdiyi  “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi tərkibində “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində yaradılmış “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış konfransı keçirilib.

Bələdiyyə üzvü olan qadınların iştirakı ilə keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək  bildirib ki, ilk bələdiyyə seçkilərində üzvlərin cəmi 4 faizi qadınlar idisə, bu gün artıq bu rəqəm 35 faizə çatıb.O qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması ilə bağlı qanunvericilik təkmilləşdirilib: "Gender bərabərliyi birinci ailədə yaradılmalı, sonra cəmiyyətə ötürülməlidir. Çünki ailə cəmiyyətin təməlidir. Cəmiyyəti yalnız kişilər deyil, qadınlar da idarə etməlidir. Azərbaycanda gender bərabərliyinin təmin olunması bizə cəmiyyətin inkişafı üçün müvafiq nəticələrin əldə olunmasına imkan verəcək".

S.Qəhrəmanova bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması sahəsində atılan addımlar, o cümlədən qadınların idarəetməyə cəlbi istiqamətində görülən işlər bir çox ölkələr üçün nümunə sayıla bilər.

Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəlyinin rəhbəri, nazir müşaviri Simona Gatti, BMTİP-ın rezident nümayəndəsinin müavini Çaru Bist, Millət Vəkili Fazil Mustafa, Millət Vəkili Qənirə Paşayeva, AR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov çıxış edərək qadınların qərarqəbuletmə və idarəçilikdə fəallığının artırılmasının əhəmiyyətini qeyd ediblər.

Layihə Əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova isə “Gender əsaslı Bələdiyyə Akademiyası”nın mahiyyəti haqqında təqdimatla ətraflı çıxış edib.