“Azərbaycan ailəsi 2019” film festivalının mükafatlandırma mərasimi keçirilib

21 noyabr 2019

Paylaş:

Noyabrın 21-i Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun təkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 11-ci “Azərbaycan ailəsi” film festivalı və festival çərçivəsində “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. 

Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Mərasim filmlərin və fotoların təqdimatı ilə başlayıb.

Çıxış edən Komitə sədri Hicran Hüseynova bildirib ki, Komitə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması istiqamətində bir sıra layihələr realaşdırır. 11 ildir keçirilən film festivalı da onlardan biridir. Komitə sədri qeyd edib ki, artıq festival beynəlxalq status qazanmağa başlayır. Bundan əlavə Hicran Hüseynova bildirib ki, ailə vətəndaş cəmiyyətinin əsası, insanın ilk sosial mühitidir. Bu institutunun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Bütün sahələrdə olduğu kimi, dövlət ailə siyasəti ölkə başçımız İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla inkişaf etdirilir.

Daha sonra BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin baş müşaviri Fərid Babayev çıxış edərək bildirib ki, bu ilki fesrivalı bizim üçün xüsusilə əhəmiyyətli edən onun "Qadın zorakılığına qarşı 16 günlüyə" təsadüf etməsi ilə bağlıdır. Bu il biz Komitə ilə birgə 16 günlüyün keçirilməsi ərəfəsindəyik. Komitənin Azərbaycan Ailəsi institutunun qoruyub saxlamaqda gördüyü işlərə görə minnətdarlığımızı bildiririk və bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. 

Münsiflər heyətinin təqdim olunmasından sonra münsiflərin adından Şəfiqə  Məmmədova çıxış edib. O, qeyd edib ki, festival yaratmaq asandı, onu yaşatmaq çətin. "Hicran xanım mən sizə buna görə təşəkkür edirəm. Biz sonunadək sizinlə olacağıq".

Mərasim mükafatlandırma ilə davam edib. “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı sənədli film”, “Sosial şəbəkədə ən çox bəyənilən film”, “Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər təltif edilib. Əsas nominasiyalarla yanaşı qarşıya qoyulan mövzuları əks etdirən, ictimaiyyətin diqqətini çəkə biləcək bir neçə film də mükafatlandırılıb. Ümumilikdə 14 iştirakçı təltif edilib.

Qeyd edək ki, martın 1-dən başlayan festivala 41 iştirakçı 49 film təqdim etmişdi və bunlardan müsabiqənin məqsəd və ideyasına uyğun olan 47 film müsabiqəyə buraxılmışdı. Ümumilikdə 11 il ərzində müsabiqəyə 345 rejissorun 386 filmi, o cümlədən 42 xarici film (Türkiyə, Rusiya, Belarusiya, Ukraina, İran, Bolqarıstan, Özbəkistan, Almaniya, Macarıstan, İsveç, Qırğızıstan, Mərakeş və Fransa) və 144 fotoqrafın 527 fotoşəkli təqdim edilib. Bu statistika onu göstərir ki, festivalın səviyyəsi ildən-ilə artaraq, beynəlxalq nüfuz qazanır.