Qadın Sahibkarların II Forumu keçirildi

18 noyabr 2019

Paylaş:

Noyabrın 18-də  Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə birgə “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumu keçirilib.

Forumun açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BMT-nin İnkişaf proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti, AQSİA İdarə heyətinin rəhbəri Səkinə Babayeva çıxış ediblər.

AQSİA-nın İdarə Heyətinin rəhbəri Səkinə Babayeva çıxışında Forumun əhəmiyyətini qeyd edərək ölkədə kiçik və orta sahibkarlığa dəstək üçün keçirilən tədbirlərdən danışıb. Sahibkarlığın inkişafında dövlət dəstəyinin bu sahədə uğur qazanmaq üçün stimul verdiyini qeyd edib. Səkinə Babayeva çıxışının davamında Forumun “Made in - Azerbaijan” brendinin dünya bazarında tanıtmaqda qadın sahibkarlığına müsbət təsiri olacağını deyib.

Daha sonra Baş Nazirin Müavini, Yeni Azərbaycan Partiyasının  sədr müavini Əli Əhmədov çıxış edərək son illər qadın sahibkarlığa dövlət dəstəyinin nəticəsi olaraq qadınlarımızın sahibkarlıq sahəsində fəal iştirak etdiyini, ölkədə və ölkə xaricində Azərbaycan brendini layiqincə tanıtdıqlarını söyləyib. O, qeyd edib ki, aparılan siyasətin mərkəzində insan amili dayanır, əsas məqsəd əhalinin həyat səviyyəsinin yüksəldilməsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında son illər qadınlarımızın sahibkarlıqda və digər sahələrdə əldə etdikləri uğurlardan bəhs edərək bunun dövlətin uğurlu siyasətinin nəticəsi olduğunu bildirib. Sədr qeyd edib ki, Dövlət Komitəsi olaraq qadın sahibkarlığının inkişafına daim dəstək verir və Azərbaycan brendinin inkişafında, ölkənin ümumi rifahının yüksəldilməsində qadınlarımızın rolunu artırılması üçün  layihələr edilir. O, Forumun bu istiqamətdə uğurların artırılmasına dəstək olacağına inandığını bildirib.

Açılışın davamında çıxış edən İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov qadın sahibkarları birləşdirən Assosasiyanın əhəmiyyətini vurğulayaraq İqtisadiyyat Nazirliyinin Assosasiyanın fəaliyyətinə daim dəstək verdiyini qeyd edib. O, bildirib ki, regionlarda da qadın sahibkarlığın inkişafı mühüm vəzifədir. Niyazi Səfərov ölkə başçısı tərəfindən təsdiqlənən sənədlərdə bu sahəyə ciddi diqqətin olduğunu deyərək, Sahibkarlığın İnkişafı Fondundan 4000-dən çox qadın 115 min manatdan çox kredit əldə edib.

Növbəti çıxışçı BMT-nin İnkişaf Proqramlarının rezident rəhbəri Alessandro Frakassetti Biznes sahəsində hökumətin dəstəyi ilə keçirilən layihələrdən söhbət açıb. ABAD layihəsinə toxunan cənab Frakasetti ümumilikdə kiçik və orta biznesə olan dəstəkdən, startaplara verilən donor dəstəyindən, Komitə sədri Hicran Hüseynovanın layihələrdə yaxından iştirakından bəhs edib.

Azərbaycan Sahibkarları (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyalarının rəhbəri Məmməd Musayev bildirib ki, qadınların sosial-iqtisadi həyatda fəallığı artıb. O, qeyd edib  ki, hazırda ölkə iqtisadiyyatında qadınlar daha əhəmiyyətli funksiyaları öz üzərlərinə götürməyə hazırdılar və  Konfederasiya qadınların artan nüfuzunu dəstəkləyir, bu işdə əlindən gələn köməkliyi əsirgəməyəcək. Sonda Məmməd Musayev Komitənin rəhbəri Hicran Hüseynovaya qadın sahibkarlığına göstərdiyi dəstək üçün təşəkkürünü bildirib

Sonda çıxış edən  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov bildirib ki, Agentlik qadın sahibkarlığının inkişaf etdirilməsinə dəstək verir və bu sahədə zəruri tədbirlər həyata keçirir. O, həm də qeyd edib ki, Kreativ Sənayenin yaradılması sahəsi də inkişaf etdirilir və qadınların da bu sahəyə cəlb edilməsində işlər görülür.

Rəsmi açılışdan sonra AQSİA-nın fəaliyyəti ilə bağlı video-çarx izlənib. Tədbir Uğurlu qadınların hekayəsi”, “İncəsənətdə sahibkarlığın inkişafı”, “Azərbaycanda Turizm Biznesi/Evdə məşğulluğun inkişafı”, “Biznes fəaliyyəti olan qadınlar: üstünlüklər, çətinliklər və imkanlar”, ”Azərbaycanda sahibkarlığın təşviqində biznes təhsilinin rolu” və  “Bankların qadınlara göstərdiyi dəstək mexanizmləri” adlı panellər üzrə davam edib.