“Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda növbəti təlim keçirildi

18 noyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi, onların potensialının aşkar edilməsi, müstəqil özünüifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə beynəlxalq sənədlərə ölkəmizin qoşulması istiqamətində tədbirlər görülməkdədir. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası 2010-cu ildə imzalanıb, 2011-ci ildə isə Avropa Şurası Parlament Assambleyası tərəfindən Konvensiyanın təbliği üçün üzv dövlətlərdə “Hər beş uşaqdan biri” kampaniyasına başlanıb. Bu kampaniyanın məqsədi Avropa Şurasına üzv dövlətlərə bu sənədin mahiyyətini və vacibliyinin təbliği və qəbul olunması, eləcə də uşaq hüquqları ilə bağlı milli qanunvericiliyi konvensiyaya uyğun tənzimləmək idi. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 22 oktyabr 2019-cu il tarixli, 1681-VQ saylı Qanununun qəbul edilməsi uşaqlara qarşı cinsi zorakılıq hallarının aradan qaldırılması istiqamətində daha effektiv tədbirlərin görülməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində Bakı şəhəri Sabunçu rayonu icra Hakimiyyəti ilə birgə 18 noyabr 2019-cu il tarixində 80 saylı orta məktəbdə “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda növbəti təlim keçirilib. Təlimdə 40 uşaq, 10 valideyn və müəllim heyəti iştirak edib. Uşaqlar və valideynlər mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Tədbir çərçivəsində uşaqlara mövzu üzrə bukletlər paylanılıb. Həmçinin, təlimlər zamanı uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi ilə bağlı çəkilmiş video rolik nümayiş edilib və müzakirələr aparılıb.