“CEDAW Əməldə” təlimlərinin yekun tədbiri keçirilib

7 noyabr 2019

Paylaş:

Noyabr 7-də “CEDAW Əməldə” adlı proqram çərçivəsində Azərbaycanda Genderə Məsul Şəxslərin bilik və bacarıqlarını artırmağa hədəflənən layihənin yekun tədbiri keçirilib. Qeyd edək ki, layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin birgə dəstəyi, Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində gender məsələləri və kadr məsələləri üzrə məsul şəxslər üçün beş günlük 3, 9, 16, 23, 30 oktyabr tarixlərində saat 10.00-dan 17.00-dək Gender bərabərliyi anlayışları və CEDAW, Monitorinq və hesabatlandırma, İctimai vəkillik və lobbiçilik, Liderlik və qərarqəbuletmə, Ünsiyyət və şəbəkələşmə mövzularında təlimlər təşkil olunub.

Layihə 16 dövlət qurumunu əhatə edib. Təlimlərdə Təhsil, İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı, Gənclər və İdman, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyətinin gender və kadr məsələləri üzrə məsul şəxsləri iştirak edib.

Yekun tədbirdə Gender məsələləri üzrə məsul şəxslər təlimlərdən bəhrələndiklərini, belə təlimlərin əhəmiyyətini nəzərə alaraq davamlı olmasını, onların vəzifə təlimatları ilə bağlı sənədin qəbul edilməsinin vacibliyini vurğuladılar.

Təlimdə bildirilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasınının 7.4 bəndinin icrasının təmin olunması, Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”sı (CEDAW), Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, Dayanıqlı İnkişaf Məqsədləri, Avropa Şurasının Gender Bərabərliyi Strategiyası, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında 156 nömrəli Konvensiyası və digər beynəlxalq sənədlərə uyğun olaraq “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2020- 2024-cü illər Milli Fəaliyyət Planı” hazırlanmışdır. Milli Fəaliyyət Planının layihəsi aidiyyatı qurumlarla razılaşdırılıb.

Milli Fəaliyyət Planının layihəsində Gender məsələləri üzrə məsul şəxslər üçün vəzifə təlimatlarının təsdiqlənməsi, işlərinin təkmilləşdirilməsi və Koordinasiya Qrupunun yaradılması nəzərdə tutulub.