Cenevrədə Pekin Bəyannaməsinin və Platformasının (Pekin+25) növbəti iclasında Komitə sədri çıxış edib

30 oktyabr 2019

Paylaş:

29-30 oktyabr 2019-cu il tarixlərində Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən Pekin Bəyannaməsinin və Platformasının (Pekin+25) növbəti iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

İclas çərçivəsində qadınların iqtisadi imkanlarının genişləndirilməsi, qadın və qızlara qarşı zorakılığın qarşısının alınması və başqa müxtəlif mövzularda paralel tədbirlər keçirilib.

Keçirilən panel müzakirələrdə H.Hüseynova əmək bazarlarında gender boşluqlarının aradan qaldırılması, qadınlar arasında sahibkarlığın artırılması və qadınlara dəstək olmaq üçün sosial müdafiənin və xidmətlərin gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində Komitə sədrinin Qırğızıstan Baş nazirin müavini Altınay Omurbekova, BMT-nin Avropa İqtisadi Komissiyasının gender və dayanaqlı inkişaf üzrə direktoru Monika Linn, Gender bərabərliyi üzrə Avropa insitututnun direktoru Virjinia Langbakk, İsveçrənin Gender inkişafı üzrə federal ofisin rəhbəri Silviya Durer, İsrailin MAŞAF mərkəzin direktoru Hava Karie və BMT-nin Əhali Fondunun icraçı direktoru Natalia Kanem ilə ikitərəfli görüşləri keçirilib. Görülərdə Azərbaycan ilə əməkdaşlığın səmərəliliyi qeyd olunub və birgə tədbirlər müzakirə edilib.

Pekin+25 Regional Zirvə Toplantısının ikinci günündə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində Komitə sədri Hicran Hüseynovanın moderatorluğu ilə rayon və kənd yerlərində yaşayan qadın sahibkarların yaşadıqları icmalarda müsbət dəyişiklik yaradan qüvvə olduqlarını nümayiş etdirən ayrıca bir iclas keçirilib. Bu iclas Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women) və Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə təşkil edilib.

İclasda Komitə sədri Hicran Hüseynova açılış nitqi ilə çıxış edərək, Qadın Resurs Mərkəzlərinin ölkədə qadınlar üçün sosial-iqtisadi imkanların təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların yazılması sahəsində qadınlara təlimlərin keçirildiyini qeyd edib.

Daha sonra Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə, Fövqəladə və Səlahiyyətli Səfir Vaqif Sadıqov, BMTİP-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Alessandro Frakassetti, BMT-nin Gender Bərabərliyi və Qadınların Gücləndirilməsi Təşkilatının regional direktoru Aliyə Əlyasir, Xəzər QRM-nin nümayəndəsi Elnarə İskəndərova, Sabirabad QRM-nin nümayəndəsi Aygün Əliyeva çıxış edərək, Azərbaycanda qadınların sahibkarlığa cəlb olunması və onların səmərəli fəaliyyəti istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycanda son illər yaradılmış Qadın Resurs Mərkəzləri qadınların iqtisadi səlahiyyətlərinin artırılmasında, onların cəmiyyətin aparıcı qüvvələrinə inteqrasiya olunmasına güclü təsir etmişdir. Yaradılmış geniş şəbəkə müxtəlif regionlardan olan qadınların bir araya gəlməsi və onların arasında ünsiyyət və təcrübə mübadiləsinin formalaşmasına səbəb olmuşdur. Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan qadınların uğur hekayələri ilə kənd qadınlarının sahibkarlıq potensialı nümayiş olunub.

Tədbirdə Mərkəzlərin dəstəyi ilə öz bizneslərini quran qadın sahibkarların hazırladığı əl işləri və qida məhsullarını əks etdirən sərgi nümayiş etdirilib.