Qəbələdə “Uşaq hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib

28 oktyabr 2019

Paylaş:

28 oktyabr 2019-cu il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən Qəbələ şəhər 5 saylı tam orta məktəbdə “Uşaq hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, RPŞ-ın əməkdaşları, YPX-nın əmədaşları, Narkotiklərlə mübarizə qrupunun üzvü, müəllimələr və şagirdlər iştirak edib.

Qeyd edilib ki, bu gün Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır. Bu baxımdan, Respublikada ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Bildirilib ki, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, eləcə də onlar tərəfindən törədilən hüquq pozuntularının qarşısı alınması və profilaktikası sahəsində kifayət qədər qanunvericilik bazası yaradılmışdır. Hazırda Respublikamızda uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar fəaliyyət göstərən əsas qanun “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Məlumat verilib ki, uşaqların erkən əməyə cəlb edilməsi, onların təhsildən yayınmasına və akademik göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Uşaqların əmək hüququnun təmin olunması şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə təmin edilir. Bu qanunvericiliyin 249–cu maddəsində nəzərdə tutulur ki, yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.

Mövzu haqqında ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb və bukletlər paylanılıb.