Dövlət Komitəsinin sədri Hicran Hüseynova Fransanın Azərbaycandakı səfiri Zakari Qrosla görüşüb

21 oktyabr 2019

Paylaş:

21 oktyabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Fransanın ölkəmizdəki yeni səfiri  Zakari Qrosla ikitərəfli  görüşü baş tutub. 

Dövlət Komitəsinin sədri Hicran Hüseynova səfiri salamlayaraq, bilidirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın  hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır. Hicran Hüseynova qeyd edib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsinin böyük tarixi var və 100 ildən çoxdur ki, qadınlarımız seçib-seçilmək hüququna malikdirlər.

O, bildirib ki, qadınların müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə də həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, iki ölkə arasında çox əməkdaşlıq və dostluq münasibətləri var. Bu münasibətlər çərçivəsində Azərbaycan Fransa ilə bir sıra sənədlər imzalayıb. 2007-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikasının Əmək, Sosial Bərabərlik və Yaşayış Nazirliyi ilə əməkdaşlıq haqqında İnzibati Razılaşma”, 2014-cü ildə “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikasının Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Fransa Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Tvininq layihəsini həyata keçirib. Fransa Respublikasının Həmrəylik və Sosial Birlik Nazirliyinin bir hissəsi olan Sosial Birlik üzrə Baş Direktorluq və GIP International – Əmək, Məşğulluq və Səhiyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə qurumu layihədə fəal tərəfdaş olub. Layihə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinin gender ekspertizası keçirilmiş və bu da ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər təşkil edilib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb.