Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Vll Çin-Mərkəzi Asiya Əməkdaşlığı Forumunda çıxış edib

22 oktyabr 2019

Paylaş:

17-19 oktyabr 2019-cu il tarixlərində Çinin Quansi əyalətinin Nannin şəhərində “Quru və dənizin birləşməsi üzrə əməkdaşlığın müzakirəsi, innovasiyalar yolu ilə inkişafın stimullaşması” mövzusunda Vll Çin-Mərkəzi Asiya Əməkdaşlığı Forumu keçirilib. Foruma açılış və bağlanma mərasimləri, 3 alt-forum və sərgilər daxildir. Forum çərçivəsində əməkdaşlıq üzrə müvafiq sənədlər imzalanıb və yekun Bəyannamə qəbul  olunub.

Son illər Azərbaycan-Çin münasibətləri dinamik inkişaf etməkdədir, “Bir Kəmər, Bir Yol” təşəbbüsu çərçivəsində əməkdaşlığımız daha da gücləndirilir.  Bu çərçivədə müxtəlif görüşlər və müzakirələr keçirilir. Və bunlardan biri də  Vll Çin-Mərkəzi Asiya Əməkdaşlığı Forumudur. Forumda iştirak etmək məqsədilə Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi ilə 4 nəfərdən ibarət nümayəndə həyəti  iştirak edib. Forumda Çin Xalq Respublikasının alim və mütəxəssislərlə birlikdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, habelə Azərbaycan, , Gürcüstan, Sinqapur, Tailand, Ermənistan, ŞƏT və Cənub-Şərqi Asiya Millətləri Birliyinin müvafiq sahələrinin nümayəndələri iştirak edib.

Forumun açılışı Çin Xalq Respublikasının və dəvət olunmuş ölkələrinin rəsmilərin iştirakı ilə həyata keçirilib.  Forumun açılış mərasimində Çin Xalq Konqresinin Daimi Komitəsinin Sədrinin müavini, Çin Qadınlar Federasiyasının sədri, Çin ŞƏT-in Yaxın qonşuluq, dostluq və əməkdaşlıq komitəsinin sədri Şen Yueyue, Çin Kommunist Partiyasının Guansi əyalət üzrə sədri Lu Xinshe, ŞƏT-in Baş katibi Vladimir Norov və digər ölkələrin rəsmiləri çıxış etdilər. Plenar İclasda çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir.  Eyni zamanda "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasını ilk olaraq dəstəkləyən və bu işdə fəal iştirak edənlərdən biri olub.  Ölkəmiz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Marşrutu kimi vacib infrastruktur layihələri "Bir Kəmər", "Bir Yol" təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.

S.Qəhətmanova həmçinin açılış mərasimində və "Bir Kəmər, Bir Yol inşası üçün Qadın İnkişafının Təşviqi” mövzusu altında keçirilən Qadın Forumunda da iştirak edərək çıxış edib. O, öz çıxışında bildirib ki, 1998-ci ildə yaradılmış “Qadın Problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri bazasında Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006- cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2006-ci ildə “Gender bərabərliyinin təminatları haqqında”,  2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunlar, eyni zamanda Ailə Məcəlləsinə dəyişiklik edilərək tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçməsi qüvvəyə mindi. Qəbul edilmiş Qanunların nəticəsi olaraq, gender əsaslı zorakılıq hallarının qarşısının alınması, qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm səylər göstərilmişdir.

Həmçinin öz çıxışında, S.Qəhrəmanova qadın sahibkarlığı mövzusuna toxunaraq, qeyd edib ki, Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi davam edir. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Bununla bağlı bölgələrdə Qadın Resurs Mərkəzləri yaradılıb. Burada maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların yazılması sahəsində qadınlara təlimlər keçirilir. Xüsusilə,  kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resuslardan, əsasən də banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Müntəzəm olaraq “Qadın mütəxəssislərinin hazırlanması və Azərbaycanın regionlarında qadın sahibkarlığının inkişaf  etdirilməsi  layihəsi çərçivəsində “Maliyyə savadlılığı” və “Öz biznesini başla və təkmilləşdir” mövzusunda xüsusi təlimlər keçirilir. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapması üçün Xüsusi İş  və Əmək Yarmarkaları reallaşdırılır. Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasının asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır.

Qadın Forumumda həmçinin Çin Xalq Konqresinin Daimi Komitəsinin Sədrinin müavini, Çin Qadınlar Federasiyasının sədri, Çin ŞƏT-in Yaxın qonşuluq, dostluq və əməkdaşlıq komitəsinin sədri Şen Yueyue, Çin Kommunist Partiyasının Guansi əyalət üzrə sədri Lu Xinshe, ŞƏT-in Baş katibi Vladimir Norov və digər ölkələrin rəsmiləri çıxış ediblər.

Forumda "Çin, Orta Asiya və Qafqazın Xüsusi Məhsulları Sərgisi" təşkil edilib, Azərbaycan Respublikasının yerli kənd təsərrüfatı məhsulları, azərbaycan şirniyyatı və xalçalar, suvenir və şərab  məhsullarını təqdim edilib.