Komitə sədri Hicran Hüseynova Lənkəranda vətəndaşları qəbul edib

22 oktyabr 2019

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

22 oktyabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsindən olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl Komitə sədri Hicran Hüseynova və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Astara və Lənkəran sakinlərinin iştirak etdikləri qəbulda qadınların işə qəbulu, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. məsələlərə bağlı müraciətlərə baxılıb.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Komitə sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, cənub bölgəsində qeydə alınan erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb, hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, onların müraciətləri qeydə alınıb.

Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Görüş çərçivəsində cənub bölgəsində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.