“Türk dünyasının qadını - keçmişdən bu günə” mövzusunda konfrans keçirilib

11 oktyabr 2019

Paylaş:

11 oktyabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə Dövlət Komitəsində “Türk dünyasının qadını - keçmişdən bu günə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Hicran Hüseynova qədim tarixə, zəngin mədəniyyətə malik türk dünyasının qadınlarının ailədə, cəmiyyətdə rolundan danışıb. Türk dünyasında qadına münasibətdə oxşar cəhətlər olduğunu vurğulayan Komitə sədri bildirib ki, xalqımız hər zaman Azərbaycan qadını ilə fəxr edib, qürur duyub. Şərqdə ilk dəfə qadına seçki hüququ ölkəmizdə verilib. Bu da təbii ki, Azərbaycan qadınının elm, təhsil, mədəniyyət sahələrində uğurlar qazanması ilə nəticələnib.

Oktyabrın 11-nin Beynəlxalq Qızlar Günü kimi qeyd edildiyini xatırladan Hicran Hüseynova gender bərabərliyinin dövlətimizin prioritet istiqamətlərindən olduğunu bildirib. O deyib ki, Azərbaycanda qadın hüquqları dövlətimiz tərəfindən kifayət qədər yüksək səviyyədə qorunur, qadınlarımız ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Komitə sədri qeyd edib ki, müstəqilliyini yenidən əldə etmiş dövlət üçün qadın hüquqlarının təmin olunması hər zaman prioritet istiqamət olmuşdur: “Azərbaycanda dövlət qadın siyasətinin səmərəli həyata keçirilməsi, qadınların ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsi məqsədi ilə bir sıra mühümdövlət proqramları qəbul olunub, beynəlxalq konvensiyalar ratifikasiya edilib, mövcud qanunvericilik aktlarına, o cümlədən Ailə, Mülki, Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilib. Hüquqi bazanın təkmilləşdirilməsi üçün daim iş aparılır.

Hicran Hüseynova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanlar arasında 400 mindən çox qadın olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, bu ədalətsiz münaqişədə minlərlə qadının, qızın ermənilər tərəfindən qətlə yetirildiyini, təhqir olunduğunu bildirib. Komitə sədri beynəlxalq təşkilatları, əlaqədar qurumları bu ədalətsizliyə biganə yanaşmamağa çağırıb.

Komitə sədri bildirib ki, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində hədəflər müəyyən edilib: “Biz də ölkə olaraq bununla bağlı, öhdəliklər götürmüşük və gender bərabərliyinə nail olması istiqamətinə xüsusi önəm veririk. BMT-nin MAPS Missiyasının qiymətləndirməsinə əsasən ölkəmizin Gender üzrə DİM-lərlə uyğunluq göstəricisi 100%-dir. Biz bilirik ki, hələ də həll olunmamış problemlər var. Bununla bağlı, qadınların təmsilçiliyinin artmasını istərdik. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir: belə ki, əgər 2012-ci ildə sahibkar qadınların xüsusi çəkisi 17% idisə, 2019-ci ilin əvvəlinə bu göstərici 30%-dən çoxdur.”

O sonda bildirib ki, bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bölgədə, kənddə, ailədə - tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən söz gedə bilməz. Beynəlxalq analitiklər təsdiq edirlər ki, siyasi strukturlarda qadınların təmsil olunma faizi 20%-dən çoxdursa, həmin dövlətdə, sosial, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransın bir neçə gündən sonra Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşü ərəfəsində təşkil edildiyini söyləyib. Bildirilib ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə yaradılan TDƏŞ-in başlıca vəzifəsi türkdilli xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirmək, birgə əməkdaşlığı təmin etməkdir. Çünki qardaş xalqlar daim bir-birinin yanında olmalıdırlar. Türk qadınının tarixdə və müasir dövrdə rolundan danışan Fondun prezidenti ölkəmizdə gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının qorunmasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini vurğulayıb.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, bu gün Azərbaycan qadınları ictimai, siyasi təşkilatlarda çalışır, beynəlxalq səviyyədə ölkəmizi fəal şəkildə təmsil edirlər. Bütün sahələrdə olduğu kimi, qadın hüquqlarının qorunması məsələsində də ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan ombudsman bu siyasətin dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman qadınlara diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına kömək göstərir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov türk qadınının ailədə, cəmiyyətdəki önəmli rolundan danışıb. O, əmin olduğunu bildirib ki, türk qadını cəmiyyətdə fəallığını daha da artıracaq. TÜRKPA-nın qısa zaman kəsiyində bir sıra layihələr həyata keçirdiyini və müəyyən uğurlar əldə etdiyini qeyd edən Altınbek Mamayusupov dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dosenti Lətifə Əliyeva, Dünya Türkologiya Mərkəzinin rəhbəri Güllü Yoloğlu, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Türk Şurasının nümayəndəsi Yıldız Uzakova, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Məltəm Özoral və başqaları türk dünyası qadınının cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyəti barədə fikirlərini bildiriblər.

Konfransda mövzu ətrafında müzakirələr aparılıb.

Sonra iştirakçılar türkdilli dövlətlərdən olan qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar.