“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsinin açılış mərasimi keçirilib

27 oktyabr 2016

Paylaş:

25 oktyabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı ikiillik layihəsinin açılış mərasimi keçirilib.

Mərasimdə Komitənin sədri Hicran Hüseynova ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyinin nəticəsi olduğunu vurğulayıb.

Komitənin sədri Ailə Strategiyası, Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının layihələrinin hazırlandığını bildirib. O, bu sənədlərin selektiv abortlar, erkən nikahla və ailədə zorakılıqla mübarizə sahələrini əhatə edəcəyini qeyd edib. H.Hüseynova deyib ki, mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Onun sözlərinə görə, artıq qadınlar onların arxasında güclü dövlət müdafiəsinin dayandığını bilir. Komitə sədri vurğulayıb ki, təkcə qanunların qəbul olması əsas deyil, onların implementasiyası da vacibdir. Diqqətə çatdırıb ki, məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir.

H.Hüseynova qeyd edib ki, məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat bankı yaradılıb. Onun sözlərinə görə, məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır. Burada əsas iki məqsəd var, ilk növbədə araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, xüsusilə regionlarda seminarlar, görüşlər keçirmək. İkincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdirməkdir.

Komitə sədrinin sözlərinə görə, bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün birgə tədbirlər planı təsdiq olunub.

H.Hüseynova diqqətə çatdırıb ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir. Ermənistanın Azərbaycana təcavüzü zamanı ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji gərginlik uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiyası vacibdir. Dövlətin əsas prioriteti qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Bundan başqa, aztəhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşir.

BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa Komitə ilə birgə qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Karl Kulessa məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. K.Kulessa bildirib ki, Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. O qeyd edib ki, dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai qurumun gördüyü işlərdən danışıb. Vurğulayıb ki, dünyada gender qeyri-bərabərliyi və qadınlara münasibətdə ədalətsizlik halları hələ də geniş yayılıb. Təşkilat tərəfindən BMT-nin yuxarı eşelonlarında qadınların daha geniş təmsil olunması üçün hər cür səy göstərilir.

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır. Erkən nikahlar, gender əsaslı zorakılıq və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir. Qeyd edib ki, həmişə olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər. Sevindirici haldır ki, dövlət və hakimiyyət orqanları qadın problemlərinə diqqəti gücləndirir. Bu sahədə görülən işlər müvafiq dövlət strukturlarının, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətindədir. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə yönəlməsinə imkan yaradıb.

Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik isin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov bildirib ki, bu ilin doqquz ayı ərzində Azərbaycanda qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Bu hüquqazidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Onun sözlərinə görə, cinayətlərin 13 faizi, yəni 4552-dən 591-i və ya hər səkkizincisi ailə-məişət münaqişəsi zəminində baş verir. Şöbə rəisi vurğulayıb ki, hesabat dövründə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb. A.Adıgözəlov qeyd edib ki, qadınlara qarşı zorakılıq, eləcə də məişət zorakılığı ilə bağlı nazirliyə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır. Münaqişəli ailələr uçota götürülərək aidiyyəti üzrə qurumlar da cəlb edilməklə qabaqlayıcı əməliyyat profilaktiki tədbirlər həyata keçirilir. A.Adıgözəlov diqqətə çatdırıb ki, hazırda daxili işlər orqanlarında xidmət edən 2 860 qadından 1 347-si xüsusi rütbəsi olanlar, 1 513-ü mülki işçilərdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, ölkənin fəal ictimai həyatında iştirak edənlərin 48,8 faizi qadınlardır. O, məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi baxımından layihənin əhəmiyyətindən danışıb.

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Vilyam Gill və digər qurumların nümayəndələri bu gün qadınlara qarşı zorakılığın və bunun qarşısının alınmasının müasir dövrün problemlərindən biri olduğunu qeyd ediblər.