“Bələdiyyələrdə qadın iştirakçılığı: hüquqi və institusional mexanizmlər, gender bərabərliyi yanaşmasının təşviqi” mövzusunda konfrans keçirildi

17 sentyabr 2019

Paylaş:

17 sentyabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə “Bələdiyyələrdə qadın iştirakçılığı: hüquqi və institusional mexanizmlər, gender bərabərliyi yanaşmasının təşviqi” mövzusunda konfrans keçirilib.

Komitə və GİZ 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramı həyata keçirir. Bu fəaliyyətin davamı olaraq yerli özünüidarəetmə sahəsində təmsil olunan qadınların bilik və bacarıqlarının artırılması istiqamətində birgə tədbirlər uğurla davam etməkdədir. “Cənubi Qafqazda Yaxşı Yerli Özünüidaretmə Proqramı” çərçivəsində keçirilən konfransın məqsədi qadınların qarşıdan gələn bələdiyyə seçkilərdə aktiv iştirakının təmin edilməsi məqsədi ilə, qadınlar üçün yerli özünüidarəetməni  daha da cəlbedici etmək yollarını müzakirə etmək, qadınların yerli səviyyədə siyasi liderliyinin və iştirakının institusional inkişafı sahəsində fikir və ideyalar formalaşdırmaqdır.

Açılış nitqi ilə çıxış edən Komitənin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova tədbirin əhəmiyyətini qeyd edərək, qadın iştirakçılığının artırılmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı qabaqcıl dövlətlər sırasına gətirib. Qadın məsələləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atmışdır. T.İbrahimova qadın hüquqlarının müdafiəsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsinin onların fəaliyyətinin genişləndirilməsində vacib rol oynadığını deyib. O bildirib ki, əsas problemlərdən biri hələ də bir sıra stereotiplərin mövcud olmasıdır və buna görə də insanların düşüncə tərzini dəyişdirmək lazımdır. T.İbrahimova Azərbaycanda qadınların idarəetmə və qərarqəbuletmədə təmsilçiliyinin artdığını qeyd edərək, mühüm statistik göstəriciləri diqqətə çatdırıb və bildirib ki, üzümüzə gələn növbəti illərdə də müsbət statistikaların şahidi olacağıq. Bu istiqamətdə hədəf kütlənin maarifləndirilməsi işləri davam etdirilməlidir.

Cənubi Qafqazda Yerli Özünü İdarəetmə Proqramı və Gəncə-Qazax İqtisadi Rayonunun Yerli və Regional İnkişafına Dəstək layihəsinin rəhbəri Gerald Duda çıxış edərək, Komitə ilə GİZ-in əməkdaşlığını yüksək qiymətləndirib. O xüsusən də Azərbaycanda qadınların müxtəlif sahələrdə artan fəal təmsilçiliyini və gender hədəfi ilə bağlı yaxşı nəticələrin əldə edildiyini bildirərək, bu müsbət inkişafın davamlı olacağına əminliyini ifadə edib. Gerald Duda uğurlara nail olmaq üçün qadın və kişilərin birgə əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Daha sonra “Qadın siyasəti” ilə bağlı video rolik nümayiş olunub.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının icraçı katibi Tofiq Həsənov “Bələdiyyələrin daxili institusional inkişafı” mövzusunda çıxış edərək, bələdiyyələrdə qadınlarının iştirakçılığının artırılması üçün təkliflərini səsləndirib. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini vəzifələrini icra edən  Aynur Veysəlova-Abbasova “Qadınların yerli qərarvermədə iştirak etmək yolları və bu sahədə mövcud olan təcrübələr” mövzusunda çıxış edərək, Dayaq Mentorluq layihəsinin təqdimatını edib. Daha sonra Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva “Yerli İdareermənin təşkilində qadın amili- realıqlar və perspektivlər”, Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova “Yerli idarəetmədə qadınların tutduğu mövqe” mövzusunda çıxış edərək, bələdiyyə strukturlarında qadınların təmsilçiliyinin artırılması istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Tədbir müzakirələrlə davam edib.

Yekunda Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf nazirliyinin (BMZ) siyasət söbəsinin Şərqi Avropa, Cənubi Qafqaz üzrə məsul nümayəndəsi Jahr de Guerreronun iştirakı ilə təşkil olunan rəsmi naharda Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq məsələləri müzakirə olunub.