Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşları qəbul edib

30 avqust 2019

Paylaş:

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Avqustun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

Hicran Hüseynova vətəndaşlarla Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində görüşüb. Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlərin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə bağlı müraciətlərə baxılıb.

Qəbulda komitə sədri ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Eyni zamanda, şimal rayonlarında qeydə alınan erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, eyni zamanda, müraciətləri qeydə alınıb.

Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid məsələlərə dair müraciətləri komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Görüş çərçivəsində Xızı rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

Həmin gün komitə sədrinin müavini Aynur Sofiyeva Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan, həmçinin Quba və Qusardan olan vətəndaşların müraciətlərini dinləyib.

Qəbullara gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.