Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondu ilə birgə 29 iyul-7 avqust 2019-cu il tarixlərində Şamaxı rayonununda 10 günlük yay düşərgəsi təşkil edilmişdir

15 avqust 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondu ilə birgə 29 iyul-7 avqust 2019-cu il tarixlərində Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən istirahət mərkəzində uşaqlar üçün 10 günlük yay düşərgəsi təşkil edilib. Düşərgədə xüsusilə aztəminatlı ailələrdən olan 6-16 yaş arasında 40 uşaq iştirak edib.

Yay düşərgəsi zamanı uşaqlara ”Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq”, “Uşaqlar üçün sağlam həyat tərzi, ətraf mühitin qorunması”, "Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi", “Uşaqlara qarşı zorakılıqla (bullinq)”, "Həyati bacarıqlara yiyələn!", "Uşaqların internet təhlükəsizliyi və onların onlayn zorakılıqdan müdafiəsi", "Uşaqlarda liderlik keyfiyyətlərinin inkişafı. Liderlik və idarəetmə-bacarıq və tələblər", "Ailə büdcəsinin idarə olunması" mövzularında təlimlər keçirilib, mövzular ətrafında uşaqlarla aktiv müzakirələr və qrup işləri aparılıb. Həmçinin, yay düşərgəsinin iştirakçıları düşərgə zamanı uşaq hüquqları ilə bağlı öyrəndiklərini qruplara bölünərək səhnəciklərlə göstərərək müxtəlif rollarda sosial mesajlarını çatdırıblar.

Bununla yanaşı düşərgə zamanı uşaqların günlük fəaliyyətlərinin maraqlı və səmərəli təşkili üçün müxtəlif oyunlar, maraqlı əyləncələr təşkil edilib və yarışmalar keçirilib.

Düşərgə müddətində uşaqların Şamaxı rayon Tarix-Diyarşünaslıq muzeyi, Şamaxı Heydər Əliyev Mərkəzi, Şamaxı Cümə Məscidi, Şamaxı Astrofizika Rəsədxanası, Şamaxı Safari Parkı və  Şamaxı rayonunun Dəmirçi kəndinə ekskursiyası, həmçinin onlar üçün “piknik” təşkil edilmişdir.

Sonda yay düşərgəsinin iştirakçılarına proqramda fəal iştiraklarına görə Komitə tərəfindən sertifikatlar verilib. Təşkil edilmiş bu yay düşərgəsi həssas uşaqların inkluziv mühitdə sosial bacarıqlarının inkişafında mühüm rol oynayıb, onların sosial fəallığının artmasına səbəb olub.

Qeyd edək ki, Komitə könüllüləri (2 könüllü) təşkil olunmuş düşərgənin fəaliyyətində yaxından iştirak edib.