Müharibə veteranı, cəsur Azərbaycan qadını - Kəmalə Nağıyeva

29 iyul 2019

Paylaş:

Nağıyeva Kəmalə Əziz qızı 18 iyun 1976-cı ildə Gədəbəy rayonu, Mormor kəndində müəllim ailəsində anadan olmuşdur. 9-cu sinifə kimi şəhid Rasim Tağıyev adına, 9-cu sinifdən isə Zamanlı kəndi Şaiq Məmmədov adına məktəbi bitirmişdir. Aradan illər keçəndən sonra Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinə daxil olmuş və həmin ali məktəbi uğurla başa vurmuşdur.

İti gözləri və sərrast atıcılıq qabiliyyəti sayəsində 15 yaşından öz üzərinə maraq çəkməyi bacarmışdır. Atası və qardaşı il birlikdə eyni səngərdə vətənə xidmət etmiş, hətta sözlərinə görə onu saçındakı ağ bantı ilə tanıyırdılar. Kəmalə özü sərrast atıcı olduğu üçün döyüşlərdə snayper kimi Mormor könüllü dəstəsində xidmət etmişdir. Qardaşlarından biri həmin kənddə polis vəzifəsində, bir qardaşı könüllü döyüşçü dəstəsində iştirak etmişdir.

Kəmalə öz xatirlərini bölüşərək deyirdi: “Uşaq kimi formalaşdığımız vaxt ağır illərə təsadüf etmişdir. Həmin zamanlar marağım silaha, sursata idi. Hər gün qardaşımın evə gəlməyini gözləyirdim ki, avtomatı əlindən alıb silib təmizləyim. Amma təbii ki, əsas şərtim o idi ki, bir neçə güllə atmalı idim. Güllələri düz nişangaha atardım. Hətta başımın üzərindən belə dəqiq atmağı bacarırdım. Öz üzərimdə daim işləyirdim. Xidmət etdiyim yer özünümüdafiə batalyonu adlanırdı. Məndən soruşurdular ki, necə oldu ki, qardaşların, atan icazə verirdi döyüşə getməyinə. Mən də cavab verirdim ki, Vətən uğrunda savaşmaq hamımızın borcudur. Həmin vaxtı bütün analar, atalar, müəllimlər, qonşular, hətta uşaqlar döyüşlərdə iştirak edirdilər. Uşaqlar güllə altında bellərinə çantalarını taxıb qorxusuzca məktəbə gedirdilər.”

Peşəkar snayper gülləni atan kimi bilir ki, atdığı güllə hədəfə dəydi ya yox. “Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cahangir Rüstəmov gəldi məni apardı. Orda mənə snayperdən istifadə etməyi öyrətdilər. Snayperin hərəkətli, qalxan, enən hədəf kimi növləri vardı. Hərəkətli hədəfdə sürətim 800 metr idi. Hərdən mənə deyirdilər ki, 800 m elə də uzaq məsafə deyil. Amma bizim postlarda 300-500 metr hava sürətilə məsafə olurdu. Mənə görə xüsusən sıfıra nizamlanmış silah təqdim edərək təyinatı üzrə apardılar.” 

O ailəsi ilə xatirələrini bölüşərək bildirib ki, ailədə 10 uşaq olublar, 8 qardaşı və bir bacısı var: “Atam və qardaşım veterandır, bir qardaşım isə 2005-ci ildə şəhid oldu. Şəhid olan qardaşım əvvəl artilleriyada xidmət etmiş, sonra da top komandiri olmuşdur. Adı Zöhrab olsa da, gücünə, cəsarətinə görə ona Daşdəmir deyirdilər. Yolları, izləri yaxşı bildiyi üçün kəşfiyyata götürmüşdülər. Elə kəşfiyyat aparan zaman minaya düşərək şəhidlik zirvəsinə ucaldı.”

Kəmalənin 18 aprel 1993-cü ildə Şınıx zonasının Mormor ərazisində, İsgəndər qalası deyilən ərazisində gedən hərbi əməliyyatlar zamanı ətrafda mərmi partlayışı zamanı ağır yaralanmış və təcili olaraq Şınıx zona mərkəzi xəstəxanasına çatdırılmışdır. Xoşbəxtlikdən müalicə nəticəsində sağlamlığına qovuşmuşdur. Bütün ağır çətinliklərə baxayaraq, o sevinc hissi ilə deyir ki, bu gün çox güclü, müasir texnologiya ilə təchiz olunmuş ordumuz var. Mən də hazırda Nizami rayon hərbi komissarlığında ehtiyatdayam: “Çağırsalar mütləq gedərəm, Vətənim, torpaqlarımız üçün əlimdən gələn hər şeyi etməyə hazıram. Həqiqətən özümə kənardan baxanda ömür yolum ilə fəxr edirəm.”

Kəmalə Nağıyeva kimi xanımlarımız bizim keçmiş tariximizin canlı şahidləridir. Bu cəsur, mətin, Vətəninə, torpağına bağlı Azərbaycan qadınlarını tanımaq və tanıtmaq, həyat hekayələrini, müstəsna xidmətlərini gənc nəsillə bölüşmək bizlər üçün çox mühüm əhəmiyyət kəsb edir.