Uşaq müdafiəsi sahəsində dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı mövzusunda dəyirmi masa keçirildi

27 iyun 2019

Paylaş:

27 iyun 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə uşaq müdafiəsi sahəsində dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlərə QHT-lərin və vətəndaş cəmiyyəti təşkilatlarının töhfə verə biləcəyi yolları müzakirə etmək üçün dəyirmi masa keçirib.

Dəyirmi masada uşaq müdafiəsi sahəsində ölkəmizdə mövcud mexanizmlər, təcrübələr və bu istiqamətdə dövlət və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığının gücləndirilməsi yolları müzakirə olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası, Ümidli Gələcək İctimai Birliyi, UAFA, Sosial Hüquqların Araşdırılması İctimai Birliyi, Təmiz Dünya, Gənclər üçün Təhsil Mərkəzi, AFFA, Qafqaz Tədqiqat Resurs Mərkəzi, CP Akademiyası, Müasir Psixologiya Mərkəzi, “Ümid yeri” Uşaq Sığınacağı, Azərbaycan Uşaqlar Birliyi və digər təşkilatların nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uşaq məsələlərinə hər zaman xüsusi diqqət göstərirlər. Son illər uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası formalaşıb, davamlı olaraq bir çox dövlət proqramları, tədbirlər planları qəbul olunur. Uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün geniş imkanlar yaradılır. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısı göstərilir və bu sahədə bir sıra mühüm addımlar atılır.

Komitə sədri qeyd edib ki, bu gün ölkədə hər bir uşaq üçün bərabər imkanlar yaradılmışdır. Onlar üçün təhsil, tibb, istirahət və digər xidmətlər  əlçatandır. Əlbəttə ki, qeyri-hökumət təşkilatları da bu sahədə fəal iştirak edirlər. Uşaqların hüquqlarının müdafiəsi sahəsində nailiyyət əldə etmək üçün vətəndaş cəmiyyətinin iştirakı mühüm əhəmiyyət kəsb edir. Artıq 26 ilə yaxındır ki, ölkəmizdə fəaliyyət göstərən BMT-nin Uşaq Fondu ilə uğurlu layihələrimiz davam edir, sıx əməkdaşlıq həyata keçirilir.

H.Hüseynova müasir dövrdə informasiya çoxluğu və qlobal proseslərin valideyn - övlad münasibətlərinə yeni tendensiyalar gətirdiyini bildirib: “Bizə olan müraciətlərdə də görürük ki, valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövrlərində bir sıra çətinliklər yaranır ki, bu da ağır fəsadlara səbəb olur. Hazırda beynəlxalq təşkilatların uşaq məsələləri üzrə qurumlarında, bir sıra ölkələrdə müsbət valideynlik təcrübəsinin yaradılması məsələsi aktualdır. Buna görə də belə bir xidmətin göstərilməsinə ehtiyac vardır. Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində mütəxəssislər tərəfindən valideynlərə belə bir xidmət göstərilir və bu sahədə müsbət nəticələrimiz var. Bu gün digər aktul məsələlərdən biri də uşaqlara qarşı zorakı davranışdır. Hazırda bütün rayonlarda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir və bu qrupların işi daha da gücləndirlir. Lakin burada da həllini gözləyən işlər var. Yerli səviyyədə zorakılıq hallarının aşkarlanması üçün qaynar xətlərin yaradılması, aşkarlanma və ya müraciət əsasında zorakılığın hər hansı bir növünə və ya valideyin məsiliyyətsizliyinə uğramış uşaqların müvəqqəti yerləşdirilməsi üçün sığınacaqların yaradılması və müvafiq mültidissiplinar komanda heyəti ilə təmin edilməsi önəmlidir.”

Komitə sədri dəyirmi masada iştirak edən vətəndaş cəmiyyəti institutlarına müraciət edərək bildirib ki, burada bütün maraqlı tərəflərin iştirakı vacibdir. Ona görə də bu gün sizinlə görüşürük ki, siz də öz fikirlərinizi bildirəsiniz, uşaq hüquqlarının müdafiəsini daha da gücləndirmək üçün öz təkliflərinizi verəsiniz. Ən əsası odur ki, biz birgə bu məsələləri həll edək, bütün qüvvələrimizi birləşdirək. Uşaqlar bizim gələcək insan kapitalımızdır. Və buraya  qoyulan investisiya bütövlükdə insanların rifahı, dövlətin inkişafı deməkdir.

UNİCEF-in ölkə üzrə nümayəndəsi Edvard Karvardin uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən vacib tədbirləri diqqətə çatdırıb. O xüsusən də bullinq məsələsinə diqqət çəkərək bildirib ki, uşaqların üzləşdiyi bu problemlər kiçik görsənə bilər, amma həmin şəraitdə olan uşaq üçün olduqca təhlükəli vəziyyətdir: “Müxtəlif səbəblərdən böhranla üzləşən uşaqlar var. Uşaqlar var ki, özlərinə xəsarət yetirirlər. Bu, təəssüf ki, bütün dünyaya xas olan bir cəhətdir. Belə bir hal ilə üzləşən uşaq öz qəzəbini idarə etmək, özünə nəzarəti gücləndirmək kimi vacib bacarıqlara yiyələnməlidir. Kömək əlini uzatmaq hamımızın borcudur, təbii ki, bu birgə yardımlarda əlaqələndirmənin, koordinasiyanın təşkil olunması vacib məsələdir.”

Edvard Karvardin qeyd olunan məsələdə 3 əsas açar sahəni diqqətə çatdırıb: “Uşaqların çətin, arzuolunmaz hadisələrlə üzləşməməsi üçün cəmiyyətdə, icmalarda, məktəblərdə və uşaqların ola biləcəyi bütün yerlərdə risklərlə bağlı anlayışlar, aydın təsəvvürlər formalaşdırılmalıdır. Bu agahlıq, məlumatlılıq təmin olunduqdan sonra ilk reaksiyaların nə olduğu müəyyən olunmalıdır. Yardıma ehtiyacı olan uşaqlarla bağlı istər məşvərət orqanları olsun, istər qaynar xətlər olsun - bu təmas nöqtələrini gücləndirməliyik. İnsanlar kömək üçün hara müraciət etməli olduqlarının bilməlidirlər. Digər məsələ isə koordinasiya olunmuş tədbirlərin davamlılığını təmin etməkdir. Fikirlərimizi ən ucqar yerlərə belə çatdırmaq imkanımız olmalı və əks əlaqə üçün mühüm şərait yaradılmalıdır.”

Çıxışlardan sonra dəyirmi masa iştirakçılarının fikir və təklifləri dinlənilib, qrup müzakirələri təşkil olunub.

Komitənin sədr müavini Aynur Sofiyeva və UNİCEF-in nümayəndəsinin müavini Min Yuan yekun nitqi ilə çıxış edərək seminarda müzakirə edilən əsas məsələləri və gəlinən nəticələri əks etdirən icmal hesabatı diqqətə çatdırıblar.