“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Yevlax rayonunda keçirilib

25 iyun 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə 2017-ci ildən etibarən start verilən
“Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.

Layihənin davamı olaraq, növbəti regional tədbir Yevlax rayon İcra Hakimiyyəti ilə birgə Gəncə, Naftalan, Mingəçevir şəhərlərinin və Göygöl, Samux, Goranboy, Tərtər, Ağstafa, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Şəmkir rayonlarının aktiv bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə 24 iyun 2019-cu il tarixində Yevlax rayon İcra Hakimiyyətində keçirilib.

Tədbiri giriş sözü ilə açan Yevlax rayon İcra Hakimiyyətinin başçısının müavini Elnarə Məmmədova tədbir iştirakçılarını salamlayaraq, layihənin əhəmiyyəti barəsində çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək bildirib ki, ölkəmizdə dövlət ailə siyasəti həmişə diqqət mərkəzində saxlanılır və ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verilir.

A.Sofiyeva qloballaşma dövründə dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib.

2017-ci ildən bəri uğurla davam etdirilən və ictimai əsaslarla keçirilən “Ailə Akademiyası” layihəsi barəsində məlumat verən A.Sofiyeva əsas hədəfin gənclər, gənc qızlar,yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.

Eyni zamanda sosial şəbəkələrin ailələrə xüsusilə gənc ailələrə, gənclərə təsirlərini qeyd edən A.Sofiyeva bildirib ki, gənclərdə sosial immunitetin yaranmasına dəstək olmaq, sosial şəbəkələrin müsbət yönlərindən faydalanmağa sövq etmək əsas istiqamətlərdəndir.

 “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.   

AMEA-nın Fəlsəfə İnstitutunun  Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Yevlax rayon Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev, Yevlax şəhər Cümə məscidinin imamı Eldəniz Əhmədov, Ağsaqqallar Şurasının sədr müavini Səyyah Məmmədov, Mingəçevir şəhər bələdiyyəsinin üzvü, şəhid anası İradə Həsənova, Qazax rayonu Q.Hacımuradova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşova layihənin əhəmiyyəti barəsində çıxışlar edib

Eyni zamanda regional tədbirdə Gəncə, Naftalan, Mingəçevir şəhərlərinin və Göygöl, Samux, Goranboy, Tərtər, Ağstafa, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Şəmkir rayonlarının rayonlarının aktiv bələdiyyə nümayəndələrinin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb.

         Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.