Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İran İslam Respublikasının Qadın və ailə məsələləri üzrə vitse-prezidentinin media müşaviri xanım Fariba Ebtehaj Shirazi ilə görüşü keçirilib

21 iyun 2019

Paylaş:

İyunun 21-də Qadın Sahibkarlığının inkişafına həsr olunmuş “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda keçirilən Beynəlxalq Forum çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İran İslam Respublikasının Qadın və ailə məsələləri üzrə vitse-prezidentin media müşaviri  xanım Fariba  Ebtehaj Shirazi  ilə  ikitərəfli görüşü  baş tutub.  

Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, Komitənin qadın hüquqları istiqamətində görülən işlər haqqında məlumatları diqqətə çatdırıb. O, bildirib ki, Komitə qadınların  müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə də bir sıra tədbirlər həyata keçirir. Hicran Hüseynova qeyd edib ki, ölkəmizdə müvafiq istiqamətdə qanunvericilik bazası təkmilləşdirilir. Onu da vurğulayıb ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın  hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.

İran İslam Respublikasının Qadın və ailə məsələləri üzrə vitse-prezidentinin media müşaviri  xanım Fariba  Ebtehaj Shirazi səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb.