Komitə tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”ndə onlayn təlim keçirilib

14 noyabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, bölgələrdə yaşayan uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının, fəallığının artırılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin regionlarda olan mərkəzləri vasitəsilə onlayn təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

İlk təlim 11 noyabr 2016-cı il tarixində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin Qəbələdə yerləşən Mərkəzinə qoşulması ilə rayonun məktəblərini təmsil edən uşaqların iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova açaraq təşkil edilən təlimin uşaqların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin artırılmasında mühüm rol oynadığını  diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Daha sonra Uşaq Problemləri şöbəsinin əməkdaşları- Günel Nağdəliyeva və Fərid Ədilov tərəfindən uşaq hüquqları ilə bağlı təqdimat edilib, təqdimatdan sonra uşaqlarla onlayn şəkildə aktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.