Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Qırğız Respublikasına səfər edib

21 may 2019

Paylaş:

15-16 may 2019-cu il tarixində Bişkəkdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin qadınlarının 2-ci Forumu keçirilib. Tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.

Tədbirin əsas məqsədi Pekin Tədbirlər Platformasının ("Pekin + 25")  icrasının həyata keçirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğunlaşdırılması istiqamətində, qlobal kontekstdə gender bərabərliyinin həyata keçirilməsi və qadınların Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) inkişaf gündəmində iştirakının artırılmasıdır.

Qırğız Respublikasının Qadın Konqresinin rəhbəri xanım Zamira Akbagişeva tərəfindən təşkil edilmiş tədbirdə Qırğız Respublikasının Baş Naziri və eks-prezidenti, Qazaxıstan Respublikası Baş Nazirinin müavini və Qazaxıstan Respublikasının Prezidenti yanında Qadınlar və Ailə - Demoqrafik Siyasət Komissiyasının sədri, Özbəkistan Respublikasının Baş Nazirinin müavini və Qadınlar Komitəsinin sədri, Çin Qadınlar Federasiyasının sədr müavini, ŞƏT təşkilatının Baş Katibinin müavini, Rusiya Qadınlar Birliyinin sədr müavini və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Rəsmi hissədə çıxış edən S. Qəhrəmanova tədbir iştirakçılarını salamlayaraq, Foruma dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. Azərbaycan Respublikasının qadın siyasətinin ayrı-ayrı istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verən sədr müavini, qadınların iqtisadi və siyasi həyatda rolunu vurğulayaraq qeyd edib: “Qadınlar hər bir ölkənin əhalisinin yarısı və vacib hissəsini təşkil edir. Əgər əhalinin bu hissəsi daha az aktiv olarsa, bu hər bir dövlət üçün sosial, iqtisadi və siyasi problemlərə yol açacaqdır. Millətimizin ənənələrinə görə qadınların cəmiyyətdə xüsusi yeri vardır. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan 127 il bundan əvvəl qızlar üçün məktəb açılmış ilk müsəlman ölkəsidir. Qadın şəxsiyyətinin inkişaf tarixində ilk, ən vacib fakt 1918-ci ilə aiddir. Azərbaycanlı qadınlar Şərqdə ilk, bir çox Avropa ölkələrindən və ABŞ-dan daha əvvəl, kişilərlə bərabər səs hüququ qazanmışdılar. Bu hadisə, ölkəmizdəki qadın hərəkatının təkamülünə yeni perspektivlər açmışdır.”

S. Qəhrəmanova iştirakçıların diqqətinə çatdırıb ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi çərçivəsində qadın hüquqlarının müdafiəsi sahəsində mühüm qərarlar qəbul olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət nəticəsində ölkəmizdə bu istiqamətdə çoxsaylı nailiyyətlər əldə olunmuş və güclü qanunvericilik bazası formalaşmışdır.

Çıxışında Komitə sədrinin müavini xüsusilə qeyd edib ki, hüquqi aktların və milli proqramların həyata keçirilməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilmiş həyatın bütün sahələrində qadınların fəal iştirakı ilə bağlı layihələr öz nəticəsini vermişdir. Belə ki, Milli Məclisdə, dövlət qurumlarında, yerli özünüidarə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 35 faizədək artmışdır. Siyasi həyatda qadınların mövqeyini gücləndirmək üçün cənab Prezident xüsusi qərar qəbul etmiş və nəticədə bu gün demək olar ki, bütün icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri qadınlardır. Eləcə də, son illərdə qeyri-hökumət sektorunda və ölkənin iqtisadiyyatının inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır.

Eyni zamanda, həssas qrup qadınların: qaçqın və məcburi köçkün qadınların, əlil qadın və qızların vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən göstərilən diqqət və qayğı tədbir iştirakçılarının nəzərinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu dövlət siyasətinin əsas istiqamətləri qeyd edilib.

S.Qəhrəmanova Dövlət Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının birgə həyata keçirdiyi “Kənd və rayon qadınlarının iqtisadi və sosial həyatda iştirakının təşviqi” adlı proqramın əhəmiyyətindən bəhs edərək, proqramın əsas məqsədinin əhalinin orta səviyyəli kateqoriyasından olan bir kənd qadınının müəyyən bacarıqlarına və ailə imkanlarına əsaslanaraq ailə büdcəsini tamamlaması və ölkənin ictimai-siyasi həyatında fəal iştirakı olmasını qeyd edib.

S. Qəhrəmanova çıxışında bildirib ki, Azərbaycanın fəal qadınlarına örnək olan, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən onlarla yeni məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilmiş, müasir tələblər əsasında infrastrukturun yaradılması konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.

Forum çərçivəsində S. Qəhrəmanova Qazaxıstan Respublikası Baş Nazirinin müavini, Qazaxıstan Respublikasının Prezidenti yanında Qadınlar və Ailə - Demoqrafik Siyasət Komissiyasının sədri xanım Gülşara Abdiqalikova, Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Özbəkistan Respublikasının Qadınlar Komitəsinin sədri xanım Tanzila Narbaeva, Ümumçin Qadınlar Federasiyasının sədr müavini xanım Sya Tze və Qırğız Respublikasının Baş Nazirinin müavini xanım Altınay Omurbekova ilə rəsmi görüş keçirmişdir. Görüş çərçivəsində son dövrlərdə ölkəmizdə qadınlarla bağlı aparılan dövlət siyasəti və həyata keçirilmiş layihələr barəsində müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sədr müavini Qırğız Respublikasının Qadın Konqresinin informasiya məsələləri üzrə məsul nümayəndəsinə Azərbaycanda qadın siyasəti haqqında son dövrlərdə görülmüş işlər barəsində müsahibə verib.

Ümumilikdə, səfər  qarşılıqlı təcrübə mübadiləsi baxımından səmərəli keçib.