Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi ilə görüş keçirildi

12 noyabr 2016

Paylaş:

11 noyabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Furio De Angelis ilə görüşü keçirilib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, əməkdaşlığın gücləndirilməsini qeyd edib. Daha sonra ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən hər cür şəraitin yaradılmasını və onların sosial problemlərinin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb. Hicran Hüseynova bildirib ki, qaçqın və məcburi köçkün ailələr üçün psixoloji yardım xidmətlərinin yaradılması, onların cəmiyyətə fəal reinteqrasiyası üçün mühüm tədbirlər edilib.

Komitə sədri onu da qeyd edib ki, qaçqın və məcburi köçkün qadınların sahibkarlığa cəlb edilməsi, uşaqların xarici dil və komputer kurslarına cəlb edilməsi üçün genişmiqyaslı layihələr həyata keçirilir. Və bu cür layihələrin daha da artırılmasına, qadınlara dəstək edilməsinə ehtiyac vardır.

Hicran Hüseynova Azərbaycanın bütün bölgələrində qadın resurs mərkəzlərinin, Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin  fəaliyyətini və gördükləri işləri diqqətə çatdırıb.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Furio De Angelis səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti il də Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və qarşıdakı layihələr müzakirə edilib.