Dövlət Komitəsinin nümayəndələri tərəfindən Zərdab rayonunda məişət zəminində baş verən cinayət hadisəsi araşdırılmışdır

25 oktyabr 2016

Paylaş:

Kütləvi informasiya vasitələrində 23 oktyabr 2016-cı il tarixində Zərdab rayon Yarməmmədbağır kənd sakini Aqşin Usub oğlu Astanovun həyat yoldaşı Rüksanə Rüstəm qızı Astanovanı uşaqlarının yanında başını kəsərək qətlə yetirməsi barədə məlumat öz əksini tapmışdır. Məsələ ilə bağlı Zərdab rayon İcra Hakimiyyəti, Zərdab rayon Polis şöbəsi və Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə əlaqə saxlanılmış hadisə təsdiqini tapmışdır.

Bununla əlaqadar olaraq, Hüquqi-təminat şöbəsinin əməkdaşı 29 oktyabr 2016-cı il tarixdə Zərdab rayonuna ezam olunaraq vəziyyətlə yerində tanış olmuşdur. Məlum olmuşdur ki, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Astanova  həyat yoldaşı Zərdab rayon Yarməmmədbağır kənd sakini Aqşin Usub oğlu Astanov  tərəfindən boğazı kəsilərək qətlə yetirilmişdir. Zərdab rayon Polis şöbəsinin verdiyi məlumata əsasən hadisə Kütləvi  informasiyası vasitələrində əks etdirildiyi kimi uşaqların gözü qarşısında baş verməmişdir. Lakin uşaqlarla söhbət zamanı onlardan biri hadisəni gördüyünü bildirmişdir. Mərhum və onun qohumlarının zorakılığa məruz qalması ilə bağlı rayon Polis şöbəsinə hər hansı bir müraciət daxil olmamışdır. Zərdab rayon İcra Hakimiyyəti əməkdaşının məlumatına əsasən mərhum Rüksanə Astanovanın maddi vəziyyətinin ağır olması ilə bağlı rayon İcra hakimiyyətinə müraciəti daxil olmuşdur.

29 oktyabr 2016-ci il tarixində Zərdab rayon İcra Hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilmişdir. İclasda Komitənin əməkdaşları ilə yanaşı Zərdab rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai Siyasi və Hümanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab rayon Polis şöbəsinin rəis müavini Bilal Nuriyev,  Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova  iştirak etmişdirlər.

Tədbirdə daha sonra “Məişət Zorakılığı qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və onun icra mexanizmləri haqqında məlumat verilmiş, əhali arasında profilaktik işlərin aparılmasının vacibliyi vurğulanmışdır.

Hazırda mərhumun 3 övladı nənələrinin himayəsində yaşayırlar. Mərhum R.Astanovanın anası uşaqlara baxa bilmədiyini, maddi durumunun çox aşağı olduğunu uşaqları dövlətin himayəsinə vermək istədiyini bildirmişdir. Uşaqların yaşadığı yerə baxış keçirilərkən yaşayış üçün şəraitin ağır olduğu onların normal qidalanmadığı məlum olmuşdur.

Faktları nəzərə alaraq, uşaqların yaşadığı mühitdən çıxarılaraq dövlətin himayəsinə verilməsi  məqsədəuyğun hesab edilmişdir. Zərdab rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürmüş, müfaviq sənədlər toplanılmış və uşaqlar ailə tipli müəssisəyə yerləşdirilmışdir. Həmçinin baş vermiş hadisənin uşaqlara neqativ təsirinin azaldılması üçün Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən profilaktiv tədbirlər görülür.