“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

6 may 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ildən etibarən hər il Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsi tələbələr və gənc jurnalistlər arasında keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.

Bu il müsabiqə aprel ayı ərzində Quba-Qusar regionunda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonları) “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında  keçirilib.

6 may 2019-cu il tarixində Xaçmaz rayonunda yerləşən Heydər Əliyev Mərkəzində müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi yad edilib.

Daha sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək əvvəlcə tədbir iştirakçılarını salamlayıb və bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu tədbir mahiyyətinə və mənasına görə digərlərindən fərqlənir. Çünki Ulu Öndərin gözəl kəlamı ilə adlanan müsabiqə qadınlara olan münasibətin, onlara verilən dəyərin mahiyyətini əks etdirir və uşaqların bu məsələyə olan diqqətini artırmağa kömək edir. O deyib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman qadının cəmiyyətdəki, ailədəki rolunu yüksək qiymətləndirmiş, onların hərtərəfli fəaliyyəti üçün geniş imkanlar yaratmışdır. Ş.Xanbabayev böyük şəxsiyyətin öz ömür gün yoldaşı Zərifə xanım Əliyevaya verdiyi dəyəri qeyd edərək, bunun bir nümunə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, qadınlarımızın bütün sahələrdə layiqincə təmsil olunması bu gün də uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınlar hər bir sahədə çalışır, nümunə rolunu oynayırlar. Ş.Xanbabayev Respublikanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın hərtərəfli fəaliyyətinin bütün qadınlarımıza gözəl örnək olduğunu vurğulayıb. İcra başçısı bildirib ki, Azərbaycan qadınının qazandığı hörmət öz-özünə yaranmayıb, əməklə, xalqı, dövlətçiliyi sevməklə yaranıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, tarixdə ölkəsinin ən çətin anlarında həyatları bahasına olsa belə dövləti qoruyub saxlayan böyük şəxsiyyətlər olmuşdur. Onların sırasında Heydər Əliyev şəxsiyyətini xüsusi olaraq qeyd etmək lazımdır: "Ulu Öndər  XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq reallaşdırmış  fenomenal şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və  nüfuz qazanmış görkəmli dövlət xadimidir". Komitə sədri bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev qadın hərəkatını dəstəkləyən, onların səlahiyyətlərinin artırılması üçün bütün imkanları yaradan dövlət başçılarından biri idi. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev  müxtəlif sahələrdə çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləmiş, onların hüququnun qorunmasında köməyini əsirgəməmişdir. O, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edir, onların cəmiyyətdə aktiv iştirakına böyük əhəmiyyət verirdi. Hicran Hüseynova bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qadınların hərtərəfli fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını qeyd edib. O vurğulayıb ki, dövlətimizdə gender bərabərliyi, insan hüquqlarının müdafiəsi ilə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır: "Bunun nəticəsidir ki, ölkəmizdə qısa müddət ərzində güclü lider qadınlar formalaşmış, gənc qızlarımız üçün təkcə respublikada deyil, həm də, xarici ölkələrdə yüksək standartlara uyğun təhsil almaq imkanları yaradılmışdır ki, bu da  dövlətimizin inkişafına  öz  müsbət töfhəsini  verir". Komitə sədri diqqətə çatdırıb "Biz hər birimiz fəxr edirik ki, bu gün Ümummilli Liderin yolunu və ideyalarını dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva  daha da gücləndirirlər. Onların bu  fəaliyyəti   Heydər  Əliyev  ənənələrinə,  irsinə  sədaqəti  bir  daha  təsdiqləyir.

Hicran Hüseynova Ulu Öndərin xatirəsinə həsr olunmuş müsabiqənin əhəmiyyətini qeyd edərək bildirib ki, bizim məqsədimiz həm də ondan ibarətdir ki, uşaqlarımız  tarixi şəxsiyyətlərimizi tanısınlar, onların ölkəmizin azadlığı  və inkişafı üçün necə mübarizə apardıqlarını, hansı çətinliklərdən keçdiklərini  bilsinlər, eyni zamanda, vətənimizi sevinlər, onun daha güclü olması öz töhfələrini versinlər. Komitə sədri uşaqlara müraciət edərək deyib: "Əziz balalar, ölkəmizin, xalqımızın taleyi sizdən asılıdır. Cəmiyyətdə layiqli yer tutmaq üçün isə ilk növbədə, bilikli, savadlı olmaq lazımdır. Əlbəttə ki, belə müsabiqələrdə iştirak etmək sizin bilik çevrənizi daha da genişləndirir, zənginləşdirir. Mən bir daha bu müsabiqədə iştirak edən bütün məktəbliləri təbrik edirəm. Hamı qalib ola bilməz, amma həmişə qalib olmaq üçün çalışmaq, daha çox öyrənmək lazımdır".

Quba rayon icra hakimiyyəti başçsının müavini Səidə Abbasova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqı üçün gördüyü vacib işləri, verdiyi mühüm qərarları, imzaladığı fərman və sərəncamları diqqətə çatdırıb. O, Ulu Öndərin xatirəsinə ithaf olunmuş müsabiqənin əhəmiyyətini qeyd edərək, Quba rayonu üzrə ümumtəhsil məktəblərinin uğurlu nəticələrini qeyd edib. 

Xaçmaz rayon YAP Qadınlar Şurasının sədri Sevinc Sədullayeva bildirib ki, Ulu Öndərin yaradıcısı olduğu, hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası respublikamızın sosial-iqtisadi, siyasi, elmi və mədəni sahələrində qısa zaman kəsiyində çox böyük nailiyyətlərə imza atmışdır.  O qeyd edib ki, müasir dövrdə Xaçmaz rayonunda qadınlar YAP-da təmsilçiliyi yüksək səviyyədədir.

Çıxışlardan sonra Xaçmaz rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kompozisiya təqdim ediblər.

Yekunda müsabiqə qalibləri mükafatlandırılıb. 1-ci yerə Xaçmaz rayon Xudat şəhər Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Lalə Qocayeva, 2-ci yerə Siyəzən şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Aynur Orucova, 3-cü yerə Şabran rayon Pərviz İdrisov adına Ağbaş kənd tam orta məktəbin IX sinif şagirdi Türkan Quliyevanın inşa yazıları layiq görülüb.