Mayın 3-də 2016-2020-ci illəri əhatə edən Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədi üzrə İstiqamətləndirici Komitənin üçüncü iclası keçirilib.

3 may 2019

Paylaş:

“Qafqazinfo” xəbər verir ki, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev BMT ilə əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına qoşulduğunu, mühüm sənədlərin imzalandığını qeyd edib. Ölkəmizin 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin mühüm tarixi hadisə olduğunu vurğulayan İqtisadiyyat naziri təşkilatla və onun ixtisaslaşdırılmış qurumları ilə səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan yoxsulluğa və aclığa qarşı mübarizədəki uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Cənub-Cənub” mükafatına layiq görülüb. Ölkəmiz dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biri olub. 

Nazir Şahin Mustafayev BMT-Azərbaycan əlaqələrinin 2016-cı ilin iyul ayında imzalanan 2016-2020-ci illər üçün “Birləşmiş Millətlər Təşkilatı–Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi” ilə yeni mərhələyə qədəm qoyduğunu, sənədin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və Strateji Yol Xəritələri ilə uzlaşdırıldığını diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan Hökumətinin BMT-nin ölkə nümayəndəliyi ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayaraq, BMT-Azərbaycan Tərəfdaşlıq üzrə Çərçivə Sənədinin icrasının aparılan sürətli islahatlara töhfə verəcəyini bildirib.

İstiqamətləndirici Komitənin iclası çərçivəsində UNAPF Yekun Qiymətləndirməsi üzrə Səlahiyyət Dairəsi Sənədi, UNAPF Nəticə Qrupları tərəfindən prioritet sahələr üzrə 2018-ci ildə görülmüş işlər və 2019-2020-ci illər üzrə müəyyənləşdirilmiş istiqamətlər üzrə təqdimatlar keçirilib.