Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub

2 may 2019

Paylaş:

2 may tarixində, Hökumət Evinin konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub.

Kiçik Biznes Aktı (SBA) Siyasətinin Qiymətləndirilməsi Avropa Komissiyası (EC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa Təhsil Fondu (ETF) ilə birgə həyata keçirilən görüşlərin məqsədi daha yaxşı qiymətləndirmə hesabatı  hazırlamaq məqsədilə ölkənin aparıcı ekspertlərinin və maraqlı tərəflərin sahibkarlığın öyrənilməsi və qadın sahibkarlığı sahəsində əldə olunmuş  nailiyyətlər barədə müzakirələrin aparılması, eyni zamanda, təcrübə və fikir mübadiləsi aparmaq, fəaliyyət istiqamətlərini müəyyən etməkdir.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu gün qadınlar üçün yaradılan geniş imkanları qeyd edərək bildirib ki, sahibkar olmaq istəyən, öz bizneslərini yaratmaq istəyən qadınların biznes planlaşdırılması, iqtisadi sahədə məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda 2011-ci ildən Qadın Resurs mərkəzlərinin yaradılmasına start verilib. Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramı ilə birgə hazırda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsini uğurla davam etdirir. Qadın Resurs Mərkəzlərimizdə  gənc, xüsusilə həssas qrupa daxil olan qadınların cəmiyyətə inteqrasiyası, müxtəlif  peşələrə  yiyələnməsi  üçün təlimlər təşkil olunur. Altı mindən çox qadın mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, habelə tərcümeyi-halın yazılması, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlanıb. Təlimlər yüzlərlə qadına qrant dəstəyindən istifadə edərək öz bizneslərini qurmaqda kömək edib”.

Sədr müavini bildirib ki, dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Bunun nəticəsində ölkədə qadın sahibkarların da sayı artır. Eyni zamanda, qadının iqtisadi cəhətdən güclü olması onu bir sıra çətinliklərdən və risklərdən sığortalayır. Buna görə də qadınlarımızda özünə inam hissinin yaranması, onların peşə hazırlığı kurslarına cəlb olunması, sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün xüsusi qurumlara ehtiyac var. 

Daha sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, tədris və konsaltinq departamentinin müdiri Cəlal Rəhimov bildirib ki, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir. 

Avropa Təhsil Fondunun (ETF) Sahibkarlıq və Biznes bacarıqları üzrə mütəxəssisi Florian Kadletz qeyd edib ki, Avropa Təhsil Fondu bir sıra təşkilat və ölkələrlə təhsil, biznes və s. sahələr üzrə əməkdaşlıq edir. “Bizim məqsədimiz daha yaxşı qiymətləndirmə hesabatı  hazırlamaq məqsədilə ölkənin aparıcı ekspertlərinin və maraqlı tərəflərin sahibkarlığın öyrənilməsi və qadın sahibkarlığı sahəsində əldə olunmuş nailiyyətlər barədə müzakirələrin aparılması, eyni zamanda, təcrübə və fikir mübadiləsi aparmaq, fəaliyyət istiqamətlərini müəyyən etməkdir”.

Daha sonra Avropa Təhsil Fondunun əməkdaşı, ekspert Sədaqət Qəmbərova təqdimatla çıxış edərək, Avropa Təhsil Fondunun 2016-cı il üzrə hesabatını təqdim edib. Eyni zamanda, yüksək potensiallı qadın sahibkarlar üçün təlim və mentorluq xidmətlərinin artırılması, bu sahədə fəaliyyətlərin yüksək potensialı olan qadın sahibkarlara dair mükəmməl məlumatları diqqətə almaqla daha qabaqcıl institusional nailiyyətlər əsasında qurulması tövsiyə edilib.

Tədbir müzakirələrlə davam edib.