Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti maarifləndirmə tədbiri keçirilib

2 may 2019

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq gənclər arasında vətənpərvərlik, milli-mənəvi və ailə dəyərlərinə hörmət hisslərinin yüksək səviyyədə aşılanması məqsədilə tədbirlər keçirir.

Tədbirlərin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası məqsədilə 30 aprel 2019-cu il tarixində Müdafiə Nazirliyi ilə birgə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində əsgər və zabitlər üçün maarifləndirmə tədbiri həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəis müavini, polkovnik Elvin Əzizov bütün tədbir iştirakçılarını və qonaqları salamlayıb, əsgər və zabitlərin hər zaman vətənpərvərlik ruhunda görüşlərə ehtiyacı olduğunu qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi hissələrdə mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır: “Hər bir görüş bizdə qürur hissi doğurur. Çünki Azərbaycan ordusu günü-gündən güclənir, müasirləşir. Maddi texniki təchizatın təkmilləşdirilməsi, bu istiqamətində aparılan işlər, daxili nizam-intizam ordumuzu dünyanın ən güclü orduları sırasına çıxarır. Bu uğurun arxasında üç əsas amil dayanır: Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti, Azərbaycanın inkişafı və iqtisadi potensialının günü-gündən artması və milli ruh”-deyə o bildirib.

Daha sonra Komitə sədrinin müavini qeyd edib ki, uşaq və gənclərdə milli, vətənpərvərlik ruhunun formalaşması üçün ən önəmli mənbə ailədir. A.Sofiyeva dövlətin uğurlu ailə siyasəti haqqında məlumat verərək, xüsusilə dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həssas ailələrə olan xüsusi diqqət və qayğısını qeyd edib. A.Sofiyeva bildirib ki, qarşımızda duran əsas məqsəd tarix boyu formalaşan, qoruyub saxladığımız ailə dəyərlərini gələcək nəslə ötürməkdir.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə öz çıxışında Respublikamızın bütün dünyada sərbəst şəkildə öz sözünü deyən və hörmət edilən dövlətlərdən olduğunu, bu uğurun ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən düzgün siyasət nəticəsində qazanıldığını qeyd edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən və Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ordu quruculuğu sahəsində fəaliyyətə güclü təkan verilib, döyüş qabiliyyətli silahlı qüvvələrin yaradılması üçün zəruri şərait formalaşdırılıb. Hazırda Azərbaycan Ordusu bölgənin ən qüdrətli ordusu kimi, işğal altındakı torpaqları istənilən vaxt düşməndən azad və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin məsul əməkdaşı Zümrüd Səmədova dövlət tərəfindən hər bir hərbiçiyə və onun ailəsinə göstərilən diqqət və qayğıdan, onların sosial şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardan və günü-gündən Respublikamızın hər sahədə əldə etdiyi uğurlardan söhbət açıb.

Çıxışlardan sonra əsgər və zabitlərlə müzakirələr aparılıb, fikirləri dinlənilib.