Azərbaycanın demoqrafik inkişafı sosial-iqtisadi yüksəlişin əsas göstəricisidir

1 may 2019

Paylaş:

“Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii ki, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı “İnkişaf Konsepsiyası”nın əsas prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin  potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdir.  BMT- nin ekspertləri tərəfindən işlənmiş və 1990-cı ildə təqdim olunmuş insan inkişafı konsepsiyası davamlı inkişafın əsas və yeganə məqsədini – əhalinin rifahını vurğulayır. Eyni zamanda, sosial-iqtisadi inkişaf yolunda əhalinin rifahının təminatı hər bir dövlət üçün əsas məqsəd kimi hesab olunur. Beləliklə, insan inkişafı və sosial-iqtisadi inkişaf qarşılıqlı əlaqəlidir və bir-birini şərtləndirirlər.İnsan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, ömür uzunluğu, əhalinin yaşlaşması, doğum, reproduktiv sağlamlıq və digər geniş sahəli məsələləri özündə cəmləşdirir.

Bəşəriyyətin inkişaf tarixi əhalinin təkrar istehsal dinamikasının dəyişməsi ilə sıx bağlıdır. Müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Əhalinin qocalması prosesinin güclənməsi ictimayyətin qarşısında ciddi sosial - iqtisadi, sosial-psixoloji, tibbi-sosial və etik problemlər qoyur. Bunların arasında işçi qüvvəsi, ictimaiyyətin iqtisadi yükünün artması, istehlak səviyyəsinin xarakterinin dəyişməsi, ahılların sağlamlığı və tibbi-sosial kömək üçün vəsaitlərin artırılması və s. ilə bağlı problemləri göstərmək olar. Qlobal və milli səviyyədə davamlı insan inkişafı iqtisadi, sosial və demoqrafik inkişafla birlikdə qarşılıqlı əlaqələrin mürəkkəb sistemini təşkil edir.

Son zamanların demoqrafik tədqiqatları göstərir ki, doğumun ümumdünya səviyyəsi, yəni qadının reproduktiv yaşı müddətində dünyaya gətirdiyi uşaqların orta sayı XXI əsrin əvvəlində 2,9 –a qədər düşmüşdür. Onu da qeyd etmək lazımdır ki, 1985-ci ildə bu səviyyə 4,2 təşkil edirdi. Müasir dövrdə bir çox ölkələrdə ailələr bir və ya iki uşaqla kifayətlənirlər. Bu gün dünya əhalisinin 44%-nin yaşadığı 61 ölkədə doğum səviyyəsi əhalinin indiki sayını saxlamaq üçün zəruri olan 2,2-dən aşağıdır. 30-dan çox ölkədə əhalinin sayı sabitləşib və uzun illər ərzində dəyişilmir.

BMT-nin proqnozlarına görə, bir sıra Avropa ölkələrində əhalinin ümumi sayının azalmasına baxmayaraq, dünyada əhalinin ümumi sayı 2025-ci ildə artacaq və 8 milyard nəfərdən çox olacaqdır. Məlumdur ki,əhalinin nəzarət olmadan artımı ilə mübarizə aparan ölkələr üçün hələ bunun universal həlli mövcud deyil, lakin bir sıra regionların təcrübəsi göstərir ki, bu problem həll olunandır. Bunun üçün hər bir ölkənin spesifik xüsusiyyətlərini nəzərə alan uzunmüddətli kompleks proqramların həyata keçirilməsi vacibdir. Bir daha qeyd etmək lazımdır ki, demoqrafik problemlər iqtisadi, sosial, siyasi, ekoloji və başqa problemlərlə sıx bağlıdır.

Yuxarıda göstərildiyi kimi, demoqrafik siyasət əhalinin say və struktur dinamikası meyllərini dəyişdirmək və ya saxlamaq üçün əhalinin təkrar istehsalı proseslərinin tənzimlənməsi sahəsində dövlət orqanlarının və digər sosial institutların məqsədyönlü fəaliyyətidir. Başqa sözlə, bu, doğum, ölüm, nikah, boşanma proseslərinə və əhalinin yaş strukturuna təsir edən siyasətdir.

Əhalinin təbii artımının çox da yüksək olmayan göstəriciləri ilə xarakterizə olunan təkrar istehsalın birinci tipinə aid olan ölkələrdə aktiv demoqrafik siyasət aparılır. Onun məqsədi doğumu və təbii artımı yüksəltməkdədir. Əsasən iqtisadi vasitələrin istifadə olunduğu(uşaqlara qulluq üçün yardım, gənc ailələrə güzəştli kreditlərin ayrılması, doğumdan sonrakı ödənişli dövrün uzadılması və s.)demoqrafik siyasətin həyata keçirildiyi ölkələrə Fransa, Çexiya, Macarıstan, Avstriya, Danimarka aiddir.

Təkrar istehsalın ikinci tipinə aid olan, yəni doğum, ölüm və təbii artımın yüksək göstəriciləri olan ölkələrdə isə, doğumu və təbii artımı azaltmağa çalışırlar. Əhalinin artımından ən çox Çin, Hindistan, Banqladeş, Nigeriya və Vyetnam kimi ölkələr narahat olurlar. Bu ölkələrdə güclü ailə planlaşdırılması siyasəti həyata keçirilir.

Azərbaycan Respublikasının müasir demoqrafik tarixi 1990-2002-ci illər və 2003-cü ildən başlanan dövrlərə bölünə bilər. 1990-cı ilin əvvəllərində Azərbaycan Respublikası Sovet İttifaqının müstəqillik yoluna qədəm qoymuş bir çox keçmiş ölkələri kimi, bazar iqtisadiyyatı və demokratiyanın inkişafı istiqamətində bir çox dəyişikliklərə məruz qalmışdır. Keçid dövrünün bir sıra iqtisadi və sosial problemlərinin qarşıya çıxması ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə ki, nəticədə 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür. 4 minə yaxın müəssisə və 30 min iş yeri itirilmiş, bir milyondan çox qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların sosial problemləri ağır yük kimi gənc müstəqil dövlətin üzərinə düşmüşdür. Belə şəraitdə inkişafın sosial aspekti daha çox əhəmiyyət kəsb edir. Bu dövrdə ictimai gərginliyi aradan qaldırmaq üçün yerinə yetirilən tədbirlər – mütəmadi olaraq əmək haqqının 2-3 dəfə artırılması, çoxsaylı imtiyazların tətbiqi və s. tədbirlər ölkənin real iqtisadi imkanları ilə uyğun gəlmədiyinə görə əks effekt göstərdilər və inflyasiya proseslərini sürətləndirdilər. Bütövlükdə ölkəni bürüyən böhran 90-cı illərdə  başladı və əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə müşayiət olundu ki, bu da ölkənin demoqrafik inkişafına da mənfi təsirini göstərdi. Beləliklə, 1990-2002-ci illər dövründə Ümummillli Lider Heydər   Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda  demokratiyanın, qanunvericiliyin  formalaşması  üçün geniş imkanlar yaratmışdı. 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunmuş davamlı makroiqtisadi sabitlik, əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi, yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yüksəlməsi demoqrafik inkişafa da müsbət təsir göstərmişdir. Bu dövr ərzində əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölüm səviyyəsinin azalması, xüsusən körpə ölümünün, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması, ölkədən miqrasiya axınının azalması və müsbət miqrasiya saldosuna tədricən keçid müşahidə olunur.

Ümumi sosial siyasətin bir hissəsi kimi demoqrafik siyasət hazırda Azərbaycan Respublikasında xüsusi aktuallıq daşıyır. Bununla əlaqədar olaraq, demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqram əhalinin optimal təkrar istehsalına nail olunması, ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailənin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri tədbirləri özündə əks etdirir. Əhalinin demoqrafik quruluşunda ən vacib göstəricilərdən birincisi əhalinin yaş-cins strukturudur. Əhalinin yaş-cins strukturu 3 əsas prosesin təsiri altında formalaşır:Doğum;Ölüm;Əhalinin miqrasiyası.

        Demoqrafik inkişaf kontekstində insan inkişafının davamlılığı dedikdə əhalinin optimal artımı, əhalinin təkrar istehsalının optimal tipi nəzərdə tutulur. Bununla bağlı vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar. Müxtəlif ölkələrə nəzər salaraq bunu daha aydın görürük. Məsələn, Rusiyada 1980- cı illərin sonu 1990-cı illin əvvəlindən doğumun səviyyəsi aşağı düşmüşdür. Avropada isə doğumunsəviyyəsi 1960-1970-ci illərdən azalmağa başlamışdır. Avropada ən aşağıümumi nəsilvermə əmsalı Rusiyadadır. (1,35) Müqayisə üçün qeyd edək ki, İsveçdə ümumi nəsilvermə əmsalı 1,65, Böyük Britaniya və Finlandiyada doğumun ümumi əmsalı 1,71, Niderlandda – 1,73, Danimarkada 1,74, Norveçdə - 1,80, Fransada 1,89, ABŞ-da isə 2,01-dir. Əlbəttə,ümumi nəsilvermə əmsalının Rusiyadan da az olduğu ölkələr vardır. Buraya Ukrayna (1,06), Çexiya (1,18), Slovakiya (1,19), İtalya (1,20), Moldova (1,21), Sloveniya (1,21), Belorusiya (1,22), Polşa (1,22), Latviya (1,23), Litva(1,23), Rumıniya (1,24), Bolqarıstan (1,29), Yaponiya (1,29), Macarıstan (1,30), İspaniya (1,30)  və digər ölkələri aid etmək olar.

Ümumiyyətlə, bu və ya digər ölkənin demoqrafik vəziyyətini öyrənərkən vacib məsələlərdən biri  doğulan uşaqların cinsi və yaş qrupları, eyni zamanda, uşaq ölümü  üzrə olan rəqəmlərdir. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir.  Körpə ölümü hər 1000 nəfər diri doğulana 1991-ci ildə 25,3-dən 11,1-ə düşmüşdür.  1991-ci ildə 5 yaşadək uşaqlar arasında hər 1000 nəfər diri doğulana 40,1 idisə, 2017-ci ildə bu göstərici 13,7-ə qədər azalmışdır. Doğulanda gözlənilən ömür uzunluğu 1991-ci ildə 71.1 idi. Yəni kişilər arasında 67, qadınlar arasında 74.8 idisə, 2010-cu ildə bu uyğun olaraqyəni 73.6 , kişilər arasında 70.9, qadınlar arasında 76.2 olmuşdur. 2011-ci ildə isə doğulanda gözlənən ömür uzunluğu cəmi əhali üzrə 73,8, yəni kişilər arasında 71,2, qadınlar arasında isə 76,5 olmuşdur. Bununla belə, ölkədə doğulanlar arasında cins nisbətinin pozulması narahatedici məqamlardan birinə çevrilmişdir. Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 115 oğlan düşür. Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Bu meylin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə tədbirlərin davam etdirilməsinə və daha da gücləndirilməsinə ehtiyac var. Bununla bağlı olaraq, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Fəaliyyət Planı hazırlanır, yaxın müddətdə qəbul olunması nəzərdə tutulur.  

Əhalinin sayının və quruluşunun dəyişilməsi ümumi əmək yükünün yenidən bölüşdürülməsinə və yaş-cins qrupları üzrə əhalinin məşğulluq səviyyəsinin dəyişilməsinə gətirib çıxarır. Belə ki, cavanların və orta yaşlıların əhalinin ümumi sayındakı xüsusi çəkisinin azalması ən böyük əmək yükünün yuxarı yaşlı əhali qrupunun üzərinə düşməsinə səbəb olur. İnsanların əmək aktivliyi isə çox vaxt onların yaş həddindən asılı olur.Normal iqtisadi inkişaf üçün gənclərin sayı kifayət qədər olmalıdır. Belə ki, gənclər fəal, mobil işçi qüvvəsi kimi, bilik və peşələrə sürətlə yiyələnərək bu bilikləri praktiki işdə istifadə etmək qabiliyyətinə malikdirlər. Ölkə əhalisinin 2,5 milyon nəfərini vəya 25,5 faizini gənclər təşkil edir. Gənclərin 50,6 faizi şəhər yerlərində, 49,4 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir. 2017-ci ildə 15-29 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 115,5 min nəfər olmuşdur və bütövlükdə doğulan körpələrin 80,2 faizi gənc anaların payına düşmüşdür.Ötən il ölkədə nikaha daxil olanların 77,9 faizini gənclər təşkil etmişdir. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,6,qadınların isə 23,7-dir.

Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı  azalmışdır. Belə ki,  əgər 1991-ci ildə əhalinin hər 1000 nəfərinə 6,2 idisə, 2017-ci ildə bu göstərici 5,5-ə düşmüşdür. Əmək qabiliyyətli yaşda ölənlərin sayı da 1991-ci illə müqayisədə azalaraq  2017-ci ildə əhalinin hər 1000 nəfərinə 2,6 olmuşdur. Bu gün bizi düşündürən məsələlərdən biri də pensiya və müavinat alan əlillərin saydır, Belə ki, 2018- ci ilin əvvəlinə bu şəxslərin sayı 625 640 nəfər olmuşdur. Bu isə iqtisadi fəal əhalinin sayına təsir edir. Xüsusi ilə sağlamlıq imkanları məhdud olan 18 yaşadək olan uşaqların sayının artması da (2018-ci ilin əvvəlinə bu rəqəm 71 783 olub) əmək qabiliyyətli insanların sayına öz mənfi təsirini göstərə bilər. Bu insanlar üçün iş yerlərinin yaradılması və məşğulluğunun artırılması üçün dövlət proqramları qəbul edilir və həyata keçirilir. Qeyd etmək lazımdır ki, ölkə başçımız cənab İlham Əliyev və  Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu sahədə mühüm qanunların qəbul edilməsi və önəmli layihələrin reallaşdırılması ilə bu məsələyə xüsusi diqqət ayırırlar.

Digər vacib məsələlərdən biri də odur ki, əhalinin sayının stabil saxlanılması üçün təbii olümlə miqrasiyanın sayı eyni saxlanılmalıdır. Məsələn, Rusiyada immiqrantların hesabına əhalinin sayının saxlanılması prosesi daha sürətlidir. Lakin immiqrantların hesabına əhalinin sayının artması heç də müsbət hal deyil. Rusiyada bu problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları qəbul olunmuşdur.

Azərbaycanda miqrasiya məsələləri xüsusi olaraq diqqətdə saxlanılır. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub.  Daha dəqiq əgər 1991-ci ildə  daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı 106 399 nəfər idisə, 2017-ci ildə bu rəqəm 1901 nəfərə düşmüşdür.

Azərbaycanın müstəqilliyi dövründən bu günədək baş verən miqrasiya proseslərinin 3 istiqamətini müşahidə edə bilərik: 1-ci mərhələ Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində etnik və hərbi xarakter daşıyan məcburi miqrasiya dövrü kimi qiymətləndirilir. Ölkədə bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onların  dörd yüz mindən çoxunu qadınlar, üç yüz mindən  çoxunu  isə uşaqlar təşkil edirdi.  Yaşadıqları stress, fiziki və  psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işləri daha da gücləndirilir. Qeyd etmək lazımdır ki, bütün çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Və Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar. Azərbaycan Hökuməti həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi üçün bütün qüvvəsini səfərbər etmişdir. Hazırda bu qadınlar arasında milliət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar vardır. Qaçqın və məcburi  köçkünlərin, eyni zamanda, atəşkəs dövründə  ziyan dəymiş evlərin inşası, sosial obyektlərin təmiri ilə sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınmış, məktəblər, uşaq bağçaları, tibb məntəqələri,  mədəniyyət mərkəzləri tikilmiş, müasir tələblər əsasında infrastruktur yaradılmışdır. Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Azərbaycan Respublikası Prezidentinin “ İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam hər birimizdə, xüsusilə, evlərindən, ata – baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızda böyük ümidlər yaradır.

   Miqrasiya proseslərinin 2-ci  istiqaməti əsasən iqtisadi amillərin təsiri ilə formalaşırdı. SSRİ dağıldıqdan sonra, bir sıra zavod və fabriklər bağlanmış, məşğulluğun səviyyəsi aşağı düşmüşdü. İşsizlik və əmək haqlarının aşağı olması çoxlu sayda azərbaycanlı miqrantın iş axtarışı üçün qonşu ölkələrə üz tutmasına səbəb olmuşdur. Mövcud miqrasiya proseslərində əsasən  kişilər  iştirak edirlər, qadınlar isə öz uşaqlarını böyütmək və onlara  təhsil  vermək, həmçinin ailənin yaşlı üzvlərinə baxmaq üçün ölkədə qalmalı olurlar. 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması ilə, dövlət quruculuğunun inkişafında yeni mərhələ başladı. 90-cı illərin ortalarından başlayaraq, dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, torpaq islahatlarının keçirilməsi sayəsində sabitləşdirmək mümkün olmuş və əhalinin məşğulluğu sahəsində müsbət dəyişikliklər baş vermişdir. Ümummilli  Lider  Heydər Əliyevin uzaqgörən siyasətinin  nəticəsində, Azərbaycanın hərtərəfli inkişafı üçün ölkədə bütün şərait yaradılmışdı və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regionun lider dövlətinə çevrilmişdir. Miqrasiyanın 3-cü istiqaməti  2001-ci ildən bu günədək davam edir. Bu dövrdə əsas tendensiya immiqrasiya axınlarının stabilləşməsidir. Ölkəmizin iqtisadi inkişafı,  neft sektorunda, eləcədə  qeyri-neft sektorunda artmaqda olan iqtisadi fəallıq immiqrasiya axınlarının intensivləşməsilə nəticələnmişdir.Tədricən Azərbaycan əcnəbi işçilərin təyinat ölkəsinə çevrilməkdədir. Bunu statistik göstəricilər də təsdiq edir. Son illər ərzində aparılan davamlı və uğurlu siyasət öz müsbət töfhələrini vermişdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı,  ildən-ilə artmaqdadır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və bu istiqamətdə işlər davam etdirilir. Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadınların sosial – iqtisadi vəziyyətini yaxşılaşdırılması üçün qəbul olunmuş bir sıra dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. Əhalinin hərtərəfli inkişafına kömək etməyə yönəldilmiş tədbirlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif dövrlərdə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı, Yoxsulluğun azaldılması və davamlı sosial-iqtisadi inkişafı, Məşğulluq Strategiyası, Məşğulluq Strategiyasının həyata keçirilməsi, Miqrasiya, Azərbaycan Gəncliyi, Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı, Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması, Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə və digər Dövlət Proqramlarında da əksini tapmışdır. Xüsusi ilə “Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. 14 il əvvəl (2004-cü ilin əvvəllərində) qəbul edilmiş birinci proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Keçən müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə 35-ci yerdədir. Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi dəyərləndirilib. Dünya İqtisadi Forumu ölkəmizlə bağlı daha bir hesabatını açıqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Bu hesabatda Azərbaycan 7 mümkün baldan dörd tam yüzdə altmış doqquz (4,69) bal toplayıb. 2018-ci ildə Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir.  Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları genişlənir və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə artmasına səbəb olur. Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Cənab Prezidentin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqlik, güclü siyasi iradə, gərgin əmək,  yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrində biridir. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və  bu maraqları təmin etmək üçün  bütün imkanlar səfərbər olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”. Biz bunu daim görürük, vətdandaşlarımız  görürlər. Ölkə başçısının imzaladığı hər bir Fərman və Sərəncam onların rifah halının yaxşılaşdırılmasına səbəb olur.  Çox önəmli faktdır ki, hər il ölkə başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosial yönümlüdür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ən nümunəvi layihələrdən biri ASAN-dır. Bu, Azərbaycanın brendidir. Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması əhali arasında yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. Ölkədə vətəndaşlara daha tez və operativ xidmətlərin göstərilməsi sahəsində davamlı olaraq yeni layihələr reallaşır. Bunlardan biri də  DOST-dur. Onun əsas məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Digər layihələrdən biri də icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı yeni yaradılacaq TƏBİB-dir.

Cənab Prezident çıxışlarında qeyd edir ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Belə bir dövlətin əsasını isə ailələr təşkil edir.  Baxmayaraq ki,  Ermənistanın aqressiv işğalçı siyasəti bu gün də davam edir, bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var, qloballaşmanın mənfi təsirləri var, ölkəmizə qarşı ikili standartlar tətbiq olunur.  Bu gün  sosial-mənəvi inkişafı təmin edən, fəal, güclü ailələrin formalaşması üçün  dövlət tərəfindən bütün imkanlar yaradılır.   Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri  ilə ən nümunəvi  sosial institutlardan biri olmuşdur. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Bu institutun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Ölkəmizdə aparılan sosial-iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini vermişdir. Bu islahatların nəticəsi olaraq qaçqın və məcburi köçkün, şəhid ailələri, təqaüdçülər, aztəminatlı, çoxuşaqlı, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycanın  Birinci vitse-prezidenti kimi  fəaliyyətə başlayan Mehriban xanım Əliyevanın elə ilk atdığı addımlar da məhz belə həssas qruplardan olan ailələrə yönəlmişdir. Belə ki, müvəqqəti məskunlaşmış  qaçqın və məcburi  köçkün ailələr mənzillə təmin edilmişdir. Eyni zamanda, uşaq evlərində böyüyən və  internat həyatı başa çatan qızlar və oğlanlar  üçün yaşayış  binası tikilmiş və onların istifadəsinə verilmişdir.  Və bu proses davam etməkdədir.

Ölkədə ailə institutunun  möhkəmləndirilməsi  üçün güclü  qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Həmçinin,  qloballaşma şəraitində  dünyada  gedən proseslər  və çağırışlar, xüsusilə də  ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını  zəruri edir. Bununla bağlı “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasından irəli gələrək Azərbaycan Respublikasının Ailə strategiyası layihəsi hazırlanır və bu il həmin sənədin qəbul edilməsi nəzərdə tutulur.     Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycan Respublikasının inkişafı deməkdir.

Azərbaycan Respublikası sürətlə inkişaf etməkdədir. Ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, ümumbəşəri humanitar problemlərin, XXI əsrin çağırışlarının həllinə yönəldilmiş dünya əhəmiyyətli təşəbbüsləri, gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirmişdir. Bu fakt bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapmışdır. Əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası durur.İnsan Kapitalının inkişafı hər bir ölkənin, o cümlədən də Azərbaycanın qarşısında dayanan əsas məqsəddir. Çünki, insan kapitalına qoyulan investisiya  bütövlükdə insanların rifahı, dövlətin inkişafı deməkdir.

 Azərbaycan Respublikasının

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin

sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova