“Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin açılış konfransı keçirildi

29 aprel 2019

Paylaş:

29 aprel 2019–cu il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin açılış konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri, BMT–nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icraçısı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, Azərbaycan Milli Elmlər Akademiyasında şöbə müdiri, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyalarının icraçı katibi, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak edib.

Tədbirdə giriş sözü ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova qeyd edib ki, ölkəmizdə bələdiyyələrdə qadınların təmsilçiliyi əvvəllər 4 faiz idisə, hazırda dövlətimizin apardığı siyasət nəticəsində bu rəqəm 35 faizə çatıb. “Gender bərabərliyi inkişafın dayanıqlılığını təmin edir. Davamlı inkişaf ölkədə gender bərabərliyini zəruri edir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da gender bərabərliyinin təmin olunması ölkəmizin inkişafına təkan verir. Bu layihə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edəcək. Layihə vasitəsilə biz, ələlxüsus, gender bərabərliyi və qadınların səlahiyyətlənməsi üzrə 5-ci məqsədə, inklüziv iqtisadi inkişaf və layiqli məşğulluq üzrə 8-ci məqsədə və bərabərsizliyin azaldılması üzrə 10-cu məqsədə töhfə vərəcəyik”, - deyə S.Qəhrəmanova əlavə edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti bildirib ki, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı ilə AQUPDK-nin birgə həyata keçirdiyi layihələr nəticəsində paytaxt Bakı və regionlarda gender bərabərliyi istiqamətində bir sıra layihələr həyata keçirilib. O, “Davamlı İnkişaf Məqsədlərinin tətbiqi - bələdiyyələrin gender əsaslı təşviqi” layihəsinin də bu işə töhfə verəcəyinə əminliyini bildirib. Layihənin Azərbaycanın 9 regionunda həyata keçiriləcəyini qeyd edən Simona Qatti gələcəkdə bu işin daha da genişləndirilməsinin zəruriliyini deyib.

Daha sonra çıxış edən BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Alessandro Frakassetti Komitənin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə layihənin icrası istiqamətində Komitə tərəfindən göstərilən dəstəyə görə onlara öz təşəkkürünü bildirib və qadınların qərarvermə prosesində və yerli idarəçilikdə iştirakının artırılmasına töhfə verilməsinə yönəlmş layihə tədbirlərinin uğurla yerinə yetirilməsində Komitə ilə əməkdaşlığın həlledici rolunu vurğulayıb. Cənab Alessandro Frakassetti həmçinin qadınların milli inkişaf prosessinə təsiri və onların sosial, iqtisadi və siyasi həyatda iştirakının təşviqi məqsədilə həyata keçirilən tədbirlərə qanunvericlik səviyyəsində davam edən dəstəyin nümunəsi kimi Milli Məclisin deputatlarının konfransda iştirakına görə də onlara minnətdarlığını bildirib. 

Tədbirdə çıxış edən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin  əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova layihə haqqında məlumat verərək qeyd edib ki, əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsi olan layihə Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa, Qazax olmaqla 9 regionda keçiriləcəkdir. Layihə tədbirlərinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Bələdiyyələrin Milli Assosiasiyası, Yerli icmalar və QHT-lər, Hədəf Regionların şəhər bələdiyyələri, Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalar və könüllülərlə əməkdaşlıq ediləcəyini bildirən xanım Lyudmila Xəlilova həmçinin qadınların bələdiyyələrdə təmsilçiliyini zəiflədən amillərə də toxunub. Xanım Xəlilova vurğulayıb ki, layihənin fəaliyyətlərinin icrası nəticəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi 5-ci Məqsəd və xüsusi ilə 5.5-ci hədəfi Qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam və effektiv iştirakının və bərabər imkanların təmin olunması barədə ictimaiyyətin biliklərinin artırılmasına, 2019-cu il bələdiyyə seçkilərində qadın namizədlərinin sayının və bacarıqlarının inkişaf etdirilməsinə, qərarların qəbul edilməsi prosesində qadınların iştirakını dəstəkləmək üçün potensial namizədlərin, müşahidəçilərin, seçicilərin, işgüzar qadınların və digər mütəxəssislərin şəbəkəsinin genişləndirməsinə və qadınların qərarvermə prosesinə medianın marağının (işıqlandırma) və aktivliyinin yüksəldilməsinə nail olunacaqdır.

Həmçinin tədbirdə iştirak edən Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat cənab Fazil Mustafa, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü, deputat xanım Qənirə Paşayeva, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab Fazil Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri xanım Rəna Mirzəzadə, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyalarının icraçı katibi, Milli Assosiasiyalarının əlaqələndiricisi cənab Tofiq Həsənov Bələdiyyə idarəçiliyində qadınların iştirakçılığı – Dayanıqlı İnkişafın Gender Məqsədi, Bələdiyyə idarəçiliyində Dayanıqlı İnkişaf Məqsədlərinin rolu, Dayanıqlı İnkişaf  və yerli idarəetmədə iştirakçılıqda gender amili: müasir çağırışlar, Yerli səviyyədə qərarvermə prosesində qadınların rolu mövzusunda çıxış edərək fikir mübadiləsi aparıblar.