Şamaxıda “Ailədaxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideynlik” mövzusunda seminar keçirildi

29 aprel 2019

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 25-30 nəfər “Ailədaxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideynlik” mövzusunda seminarlara cəlb edilir.

Aprel ayının 18-də Şamaxı rayonunda layihə üzrə növbəti seminar təşkil edildi. Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə seminarlarda rayonun ərazisində fəaliyyət göstərən məktəb psixoloqları və valideyinlər iştirak edirdilər. Seminarda ailə daxili müsbət mühitin uşaqların inkişafına təsiri, müsbət valideyinlik, ailə üzvlərinin ünsiyyətinin vacibliyi, məişət zorakılığı hallarının qarşısının alınması yolları, ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edildi, mövzuya dair təqdimat edildi.

Seminarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, metodiki vəsait kimi iştirakçılara paylanıldı. Seminarın keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunması, müsbət valideynlik tendensiyasının təbliği, uşaqların düzgün inkişafı üçün təlabatlarına uyğun müsbət sosial psixoloji mühitin yaradılması, gələcək nəslin cəmiyyətin ictimai sosial həyatında hərtərəfli iştirakının təmin edilməsidir.

 Qarşılıqlı müzakirələr şəklində davam edən seminar zamanı məlum olmuşdur ki seysmik zona olan Şamaxı rayonunda yaşayan uşaqlarda zəlzələ sonrası psixoloji travmaların olması müşahidə olunur. Gələcəkdə bu istiqamətdə işlərin aparılması nəzərdə tutulur.