“Ailə daxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideyinlik” mövzusunda seminarlar keçirildi

3 aprel 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 25-30 nəfər “Ailə daxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideyinlik” mövzusunda seminarlara cəlb edilir.

Mart ayının 15-də Abşeron rayonunda, 29 mart Sumqayıt şəhərində  layihə üzrə növbəti seminarlar təşkil edilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə seminarlarda rayonun ərazisində fəaliyyət göstərən məktəb psixoloqları və valideynlər iştirak edib. Seminarda ailə daxili müsbət mühitin uşaqların inkişafına təsiri, müsbət valideynlik, ailə üzvlərinin ünsiyyətinin vacibliyi, məişət zorakılığı hallarının qarşısının alınması yolları, ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edilib, mövzuya dair təqdimat edilib.

 Seminarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, metodiki vəsait kimi iştirakçılara paylanılıb.     Seminarın keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunması, müsbət valideyinlik tendensiyasının təbliği, uşaqların düzgün inkişafı üçün təlabatlarına uyğun müsbət sosial psixoloji mühitin yaradılması, gələcək nəslin cəmiyyətin ictimai sosial həyatında hərtərəfli iştirakının təmin edilməsidir.

Seminarlar qarşılıqlı müzakirələr şəklində davam edib.