Komitə sədrinin BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru ilə görüşü keçirildi

2 aprel 2019

Paylaş:

2 aprel 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa və BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev ilə görüşü keçirilib.

Komitə sədri qonaqları salamlayaraq, BMT-nin Əhali Fondu ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi və digər mühüm sahələr üzrə həyata keçirilən layihələrin müsbət nəticələri və davamlı olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, fəal ikitərəfli əməkdaşlıq  səviyyəsinin  daha da möhkəmləndirilməsi istiqamətində mühüm işlər davam etdirilməkdədir. Hicran Hüseynova əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinin, dayanıqlı iqtisadi inkişafa nail olunmasının, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsinin Azərbaycan Hökumətinin daim diqqətində olduğunu vurğulayıb. Komitə sədri Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını qeyd edib. O, qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı kimi prioritet məqsədlərin reallaşmasının əhəmiyyətini vurğulayıb: “Gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi bizim əsas hədəflərimizdəndir.” Eyni zamanda, ölkə qarşısında BMT-nin  Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi  çox mühüm bir öhdəliyin olduğunu deyib.

H.Hüseynova eyni zamanda məişət zorakılığı ilə mübarizə sahəsində görülən tədbirlər, bölgələrdə yaradılan monitorinq qruplarının fəaliyyəti barədə qonaqları ətraflı məlumatlandırıb. O, eyni zamanda digər dövlət qurumlarının da öz fəaliyyətlərində qadın faktoruna önəm verdiklərini bildirib.

BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa bildirib ki, Komitə vacib və etibarlı tərəfdaşımızdır və biz əməkdaşlıq çərçivəsində uğurlu layihələrə imza atmışıq. O, Dayanıqlı İnkişaf  Məqsədlərinə çatmaq istiqamətində aparılan işlərin səviyyəsini yüksək qiymətləndirib. Xüsusən də Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə adlı layihənin icrasının əhəmiyyətini qeyd edib. Bildirib ki, layihənin məqsədi gender əsaslı zorakılıqla mübarizədə effektiv istiqamətləndirmə və cavab mexanizminin yaradılmasına dəstək verməkdir. Karl Kulessa bu il BMT-nin Əhali Fondu tarixində iki əlamətdar hadisənin – yaradılmasının 50 illik və Azərbaycandakı fəaliyyətinin 25 illik yubileylərinin qeyd olunacağını diqqətə çatdırıb.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev cari il ərzində həyata keçiriləcək tədbir və layihələr barədə məlumat verib. O, BMT Əhali Fondunun bu sahələrdə Azərbaycanla əməkdaşlığı davam etdirməyə xüsusi önəm verdiyini ifadə edib.

Görüşdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini, həyata keçirilən müvafiq layihələrdə səmərəliliyin artırılması ilə bağlı müzakirələr aparılıb.