“Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib

20 noyabr 2016

Paylaş:

Noyabrın 19-da Masallı “ASAN həyat” kompleksində “20 noyabr-Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin,” ASAN xidmət”in, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon və kəndlərdə yaşayan sosial cəhətdən həssas təbəqədən olan ailələrin uşaqları, valideynlər və KİV nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində uşaqlara günün mahiyyəti ilə bağlı məlumat verilib, ASAN Kino Klubunda cizgi filmi nümayiş olunub, uşaq yaradıcılıq mərkəzlərinin rəqs kollektivləri uşaqlar qarşısıda rəqs nömrələri ilə çıxış ediblər.

Tədbir çərçivəsində həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “ASAN Könüllüləri” Təşkilatının birgə həyata keçirdiyi “ASAN məktub” layihəsi vasitəsilə vətəndaşlar tərəfindən öhdəliyə götürülmüş 52 uşağın istək məktubunun hədiyyələri aidiyyatı üzrə öz sahiblərinə çatdırılıb.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Masallı rayonu və kəndlərində yaşayan aztəminatlı ailələrdən olan uşaqların istək məktublarına cavab olaraq hədiyyələrin çatdırılması, uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, onlarda təhsilə, şəxsi inkişafa həvəs oyatmaq, onlar üçün xoş və yaddaqalan bir gün təşkil etmək idi.