Goranboyda “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri təlim keçiblər

21 fevral 2019

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə 5 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihə həyata keçirir. 2018-ci ildən etibarən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq qruplarına təlimlərin keçirilməsi nəzərdə tutulub.

 Fevralın 21-də Goranboy Rayon Heydər Əliyev Mərkəzində keçirilən təlimdə monitorinq qrupunun sədri və üzvləri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verib, təlimin proqramı üzrə təqdimatla çıxış edib.

Bildirilib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilib. Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.

Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova təlim zamanı məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı təqdimatla çıxış edib.

Monitorinq qrupunun üzvləri geniş müzakirələr apararaq, gələcəkdə bu sahədə daha səmərəli fəaliyyət göstərəcəklərini bildiriblər.