“Kulturologiya və Azərbaycanda Ailə Mədəniyyəti” adlı kulturoloji seminar Qusar rayonunda keçirilib

19 fevral 2019

Paylaş:

Azərbaycan ailəsinin adət-ənənələrinin qorunub saxlanılması, uşaqların milli-mənəvi dəyərləri ruhunda tərbiyə olunması, ailə münasibətlərinin qorunması, sosial rifahının yüksəldilməsi  məqsədilə  mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.

Bu istiqamətdə növbəti tədbir (kulturoloji seminar) “Kulturologiya və Azərbaycanda ailə mədəniyyəti” mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Mədəniyyət Assosiasiyası” ilə birgə 19 fevral 2019-cu il saat 11:00-da Qusar Rayonunda “Simurq” Kulturologiya Mərkəzində keçirilib. 

Tədbiri giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova açıq elan edərək, Azərbaycanda güclü dövlətin inkişafında ailə mədəniyyətinin rolundan danışıb, zəngin ənənələrə malik olan Azərbaycan ailəsi xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondumuzun daşıyıcısı kimi milli inkişafımızda böyük rol oynayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Azərbaycanda ailə mədəniyyətinin qorunması və inkişafı” mövzusunda çıxış edib.

A.Sofiyeva bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanda ailə dəyərlərini həmişə diqqət mərkəzində saxlayır, ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verirlər. Bu gün Azərbaycanda təxminən 2 milyondan çox ailə var. Ölkəmizdə uşaq və qadınların, ailələrin hüquqlarının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması məqsədilə mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Uşaqların sağlam inkişafı, təhsili, qadınların cəmiyyətdə fəallığına nail olunması istiqamətində vacib işlər görülür. Azərbaycan ailələrinin əsrlərdən bəri bizə gəlib çıxan dəyərləri var. Zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlayıb. Əsas məqsəd bu dəyərləri gələcək nəsillərə də ötürməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) prezidenti Fuad Məmmədov “Kulturologiya, mədəniyyət və ailə” mövzusunda çıxış edərək, dünyada ailə dəyərlərinin aşınması prosesinin baş verdiyini bildirib.

Məruzədə qeyd olunub ki, Azərbaycan mədəniyyəti modeli və azərbaycançılıq ideologiyası universal bəşəri dəyərlərə çox yaxındır, çünki əsrlər boyu ölkəmizdə müxtəlif xalqların, etnosların və millətlərin nümayəndələri yaşamışlar.

Bildirilib ki, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması və vətəndaş olmasında sosial mühit böyük rol oynayır. Lakin bu prosesdə aparıcı rol ailəyə məxsusdur. Ailənin ruhi mədəniyyəti anadangəlmə keyfiyyətlərdən, təhsildən, tərbiyədən və yaradıcı əməkdən, bilik və mənəviyyatdan, bir-birinə və ətrafdakılara olan məhəbbət və inamdan formalaşır.

Kulturoloji seminarda “Qloballaşma və Azərbaycan ailəsi modeli”, “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə mədəniyyəti” mövzularında da məruzələr dinlənilib, dəyirmi masa ətrafında “Mədəniyyət, ailə və dövlət” mövzusu “müzakirə olunub.