Komitə nümayəndəsi Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbirdə çıxış edib

6 fevral 2019

Paylaş:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, nazirliyin ayrı-ayrı qurum və müəssisələrinin, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri çıxış ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində keçirilən tədbirə Şamaxı, Şirvan, Göyçay, Gəncə, Qazax, Zaqatala və Lənkəran şəhərlərindəki mərkəzlər, eləcə də həmin mərkəzlərə cəlb edilmiş şagird və müəllimlər videokonfrans vasitəsilə qoşulublar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, yüksək texnologiyalar və informasiya cəmiyyətinin inkişafı sektorunun müdiri Kamal Məmmədov bildirib ki, internetdə təhlükəsizlik məsələləri, eləcə də fərdi xarakterli məlumatların mühafizəsi informasiya əsrinin prioritetlərindəndir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi "Uşaqların zərərli informasiyadan qorunması" mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Ötən il Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və cənab Prezident tərəfindən imzalanmışdır. Qanun 2020-ci ildə  qüvvəyə minəcək. Müvafiq qanun və əsas müddəaları haqqında məlumatlar tədbir iştirakçıları məlumatlandırılıb.

Eyni zamanda uşaqların internetdə zərərli informasiyalardan qorunması istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramı hazırlanmış və təqdimatı keçirilmişdir (kidsafe.az). Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir. www.kidsafe.az proqramında daxili 1000-dən çox pornoqrafik, ekstremiz amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunmuşdur. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə olunmuşdur. 

 Tədbir müzakirələrlə davam edib.