Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci ilin yekunlarına dair Kollegiya iclası keçirildi

25 dekabr 2018

Paylaş:

25 dekabr 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin cari il üzrə fəaliyyəti haqqında illik hesabatı barədə kollegiya iclası keçirilib.

İclas Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İclasın birinci hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, il ərzində ailə, qadın və uşaq məsələləri istiqamətində həyata keçirilən tədbirlər, Komitənin il ərzində gördüyü işlər barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün hörmətli cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır və artıq  ölkəmiz nəinki  regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, Azərbaycan  əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşıdır: “27 illik müstəqillik tariximizin son 15 ili xüsusi ilə önəmlidir.Tarix üçün 15 il çox qısadır, amma bu müddəti addım- addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil. Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirib. Ölkə başçısı bu müddət ərzində Ulu Öndərin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil  dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan dövlətə çevrilib.” H.Hüseynova cari il ərzində ölkəmiz üçün əhəmiyyətli olan işlər və hadisələr barədə məlumatları diqqətə çatdırıb.

O qeyd edib ki, qəbul olunan bütün qanunvericilik aktlarında, dövlət proqramlarında  Komitənin üzərinə düşən öhdəliklər var: “Komitənin fəaliyyətinə xüsusi önəm verilir, biz də öz  işimizlə bunu bir daha təsdiqləməliyik. İl ərzində Komitə tərəfindən 112 tədbir həyata keçirilmiş, 6 araşdırma və təhlil aparılmış, 18 təklif irəli sürülmüş, 14 beynəlxalq konfransda iştirak təmin edilmişdir.” Komitə sədri bildirib ki, bu il biz Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması ilə yanaşı, qadınlara seçmək və seçilmək hüququnun verilməsinin də 100 illiyini qeyd etdik. Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verən ilk ölkədir. 100 il əvvəl belə bir hüquq əldə etməklə biz  bir sıra qabaqcıl Avropa ölkələri ilə eyni sırada dayanırıq. Bu əlamətdar  hadisə ilə bağlı Gəncədə Konfrans  keçirildi və bununla da silsilə tədbirlərə start verildi. Bu tədirlərə isə ölkə daxilində Qadınların V Forumu ilə yekun vurduq. Qeyd edim ki, Forumun yeni formatda keçirilməsi, beynəlxalq statusa malik olması çox bəyənildi. Əlbəttə ki, dövlət başçımızın və eləcə də Respublikanın Birinci vitse –prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və dəstəyi olmadan belə bir nüfuzlu tədbir keçirmək qeyri - mümkün idi. Və onların  Foruma təbrik məktubları, həm də qadınların qarşısında bir çox hədəflər qoydu.

H.Hüseynova qeyd edib ki, bir sıra layihələrimiz BMT-nin İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəstəyi ilə reallaşır: “Nə üçün qadın sahibkarlığının inkişafı və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı bu qədər önəmlidir. İlk növbədə qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir. İkincisi, qadının  iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır. Üçüncüsü isə ölkədə ömür uzunluğunun artması əmək qabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil almaq və yeni  peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur.  Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Və bu gün fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri  buna əyani misaldır. Bu il biz Resurs Mərkəzlərinin sayını 8-ə çatdırmışıq. Bu Mərkəzlər Qusar, Zaqatala rayonları və Bakının Xəzər rayonlarında yaradılıb. Daha bir Mərkəzin Zaqataladakı yeni binasının açlışı olmuşdur. Regional Mərkəzlərin fəaliyyəti gündən-günə genişlənir və yerli əhali real nəticələri görür.”

Komitə sədri bildirib ki, ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün “Ailəlikcə kitabxanaya” layihəsi keçirilir. Bu, həm uşaqlarımızın kitaba, mütailəyə marağını artırır, həm də ailə üzvlərini bir-birinə daha da mehriban edir. Baxmayaraq ki, ailə institutunun  möhkəmləndirilməsi məqsədi ilə qanunvericilik bazası yaradılmışdır. Lakin bununla  yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması  çox vacibdir. Maraqlı və uzunömürlü  layihələrimizdən biri də “Ailə bayramı”, və “Azərbaycan ailəsi” adlı filmlər festivalıdır. Bu il layihələrin 10 ili tamam olur. Festivalın əsas məqsədi kinomatoqrafiyanın geniş imkanlarından istifadə edərək ailə dəyərlərinin, milli-mənəvi dəyərləri gənclər arasında təbliğ etməkdir.

“Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti tərəfindən mühüm işlər görülmüşdür. Möhtərəm prezidentimizin və Birinci xanımımızın uşaqlara göstərdikləri qayğı, həmçinin, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini daha da artırmışdır. Bu yaxınlarda “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi qəbul olunub. Bu da bizim bir uğurumuzdur. Ölkəmiz Uşaq hüquqları haqqında Konvensiya və Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək bir sıra öhdəliklərlə bağlı hər 4 ildən bir Hesabat verir. Azərbaycanın bütün  regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər  Komandası  formalaşıb. Hər iki ildən bir UNİCEF və Heydər Əliyev Fondu ilə birgə Ümumrespublika Uşaq Forumları keçirilir. BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılmışdır. Bunlardan “Uşaq qayğı sistemində islahatlar”, “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi”, “Azərbaycanda erkən yaşlı uşaqların inkişafının monitorinqi üzrə mütəxəssislərin hazırlanması”, “Ana südü ilə qidalandırma həftəsi”, “Uşaq hüquqlarına dair elektron məlumat bankı”nın yaradılması, Uşaq və Ailələrə Dəstək Mərkəzlərində mövcud elektron məlumat bazasının yenidən qurulması və başqa layihələrin adlarını çəkmək olar.”- deyə Komitə sədri əlavə edib.    

Komitə sədri Hicran Hüseynova ümumən həyata keçirilən bütün mühüm tədbirləri, beynəlxalq səfərləri və Komitə əməkdaşlarının əldə etdikləri nailiyyətləri və uğurlu təmsilçiliklərini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ailə, qadın və uşaqlar dövlətimizin qayğısından bəhrələnməkdədir: “Muxtar respublikada ailələrin rifah halının yüksəldilməsi üçün yeni iş yerləri açılır, ünvanlı dövlət sosial yardımı təyin edilir, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür, müavinətlər verilir. Qadınların ictimai fəallığının artırılması, onların öz hüquqları barədə məlumatlandırılması, özünəməşğulluqlarının təmin edilıməsi, eləcə də ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülür, məişət və sosial sahələrdəki problemlər aradan qaldırılır.”

R.Seyidova qeyd edib ki, gənc qadınların müəyyən peşələrə yiyələnmələri, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif peşə kursları təşkil olunur, sahibkarlq sahəsində fəaliyyət göstərən qadınlara da hərtərəfli dəstək göstərilir. Dövlətimizin qayğısından bəhrələnən Naxçıvan qadınları dövlət quruculuğunda, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edərək muxtar respublikanın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar dövlət təltiflərinə layiq görülür. O eyni zamanda uşaq hüquqlarının həyata keçirilməsi və müdafiəsi istiqamətində görülən işləri diqqətə çatdırıb: “Muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir, hüquqlarının qorunması ilə əlaqədar monitorinqlər təşkil edilir. Valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid ailələrindən olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görülür.” R.Seyidova deyib ki, sağlam körpə sağlam gəncdir, sağlam gənc isə sağlam gələcəkdir.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında bildirib ki, ölkəmizdə nailiyyətlərin qazanılmasında və bu nailiyyətlərin qazanılması səbəblərinin formalaşmasında Azərbaycan qadınlarının çox böyük rolu var. İqtisadi cəhətdən müstəqil olmayan qadın siyasi prosesə nə qatıla, nə də uğur qazana bilər. Ona görə də Azərbaycanda qadınların iqtisadi prosesə qatılması baxımından görülən işlər çox əhəmiyyətlidir. O qeyd edib ki, qadın sahibkarlığının inkişafı vacib məsələdir: “Qadınlarımız iqtisadi proseslərdə, milli-mənəvi dəyərlərin qorunmasında nə qədər çox iştirak edəcəklərsə, nə qədər könüllü olaraq, öz üzərlərinə çox vəzifə götürməli olacaqlarsa, biz də onların qanuni əsaslarını daha çox yaratmalı olacağıq".

B.Muradova əlavə edib ki, Azərbaycanda ailə təsərrüfatların yaradılması qadın sahibkarların inkişafı, uşaqların, gənclərin sağlamlığının təhsilin yüksək səviyyədə təmin olunması, bütün bu proseslərin üzərində ictimai sosial nəzarətin təmin olunması istiqamətində görülən işlər təqdirəlayiqdir. Əlbəttə ki, bu proseslə bağlı üzləşdiyimiz müəyyən problemlər də mövcuddur. Bu problemlərin həlli üçün biz sizinlə birlikdə bu yolu getməkdə davam edəcəyik. Təkcə bu il ərzində Milli Məclisin müvafiq komitələri və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu hüquqların qorunması, əlçətanlığının təmin olunması üçün çoxsaylı müzakirələr həyata keçirilib".

Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov çıxış edərək bildirib ki, Azərbaycan hökuməti ailələrin, uşaqların, qadınların rifahının yüksəldilməsini daim nəzarətdə saxlayır. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı və millət vəkili Sahibə Qafarova çıxış edərək, dövlətimiz tərəfindən ailə, qadın və uşaq məsələləri istiqamətində həyata keçirilən işlərin böyük əhəmiyyət kəsb etdiyini və Komitənin bu sahədəki fəaliyyəti və verdiyi töhfələrin əhəmiyyətini qeyd ediblər.

Kollegiya iclasının ikinci hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu ilin birinci yarısı üçün İş Planı haqqında məlumat verilib. Eyni zamanda Komitə yanında yaradılan İctimai Şuranın sədri Rəna Mirzəzadə tərəfindən il ərzində həyata keçirilən tədbirlər “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva tərəfindən qadın sahibkarlığının inkişafı istiqamətində görülən işləri diqqətə çatdırılıb.

Kollegiyanın yekununda bir qrup Komitə əməkdaşına qulluq vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə fəxri fərmanlar təqdim olunub.

 

AR Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin  kollegiyada komitənin fəaliyyəti haqqında   illik hesabata dair çıxışı (25 dekabr, 2018-ci il)