“Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsinə start vermişdir

6 dekabr 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı Fond Birjası, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “İnvest-Az” İnvestisiya şirkəti ilə birgə cari ilin sentyabr ayında “Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsinə start vermişdir.

Layihənin keçirilməsində məqsəd istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcədə, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir. Qeyd edək ki, müsabiqəyə Bakı şəhəri də daxil olmaqla 11 rayondan 130-a yaxın iş təqdim olunmuşdur. Rəsm əsərləri peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyənləşmişdir.

Dekabrın 4-də müsabiqənin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Fond Birjasının direktoru Vüqar Namazov, YARAT Müasir İncəsənət Məkanını bədii direktoru Suad Qarayeva, İnvestAz şirkətinin rəhbəri Elşən Quliyev iştirak etmişdir.

Tədbirdə Komitənin sədr müavini Aynur Sofiyeva çıxış edərək bildirmişdir ki, Azərbaycan istedadlar diyarıdır. Ölkəmizdə dövlət tərəfindən gənclərin hərtərəfli inkişafına dəstək göstərilir. Bu kimi tədbirlər dövlətimizin gənclər siyasətinə vacib töhfədir. Həyatımızın bütün sahələrində olduğu kimi zəngin milli mədəniyyətimizin uğurlarında, yaradıcı insanların həyatında, milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunmasında, dilimizin inkişafında, Azərbaycanın mədəni imicinin formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu və xidmətləri olub. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyev bu gün istedadlı gənclərin inkişafına xüsusi önəm verir. Layihədə həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların əsərlərinin də yer alması çox təqdirəlayiqdir”.

Bakı Fond Birjasının direktoru Vüqar Namazov bildirib ki, rəsm müsabiqəsi qısa vaxtda geniş coğrafiyanı əhatə edib. Məhz bunun nəticəsidir ki, hazırda müsabiqədə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən gənclərin 130-dən çox əsəri yer alıb.

Tədbirdə 1-ci, 2-ci, 3-cü yerin qaliblərinə sertifikat və pul mükafatları təqdim edilmişdir. Tədbirdə həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.

     Tədbir zamanı müsabiqəyə təqdim edilmiş rəsm əsərlərinin sərgi-satışı təşkil edilmişdir.